Ərdoğan Almaniya səfərindən öncə Berlin konfransından gözləntilərini açıqlayıb

Ərdoğan Almaniya səfərindən öncə Berlin konfransından gözləntilərini açıqlayıb
  • Clock-gray 11:48
  • calendar-gray 19 Yanvar 2020

“Berlin sülh konfransının qiyamçı Xəlifə Haftarın əmri ilə qanuni Liviya hökumətinin nəzarət etdiyi ərazilərə hücumdan 4 aydan sonra başlaması düşündürücüdür”.

APA-nın məlumatına görə,  bunu bu gün Berlində Liviya böhranı ilə bağlı keçiriləcək konfransla əlaqədar Almaniyaya səfər etməzdən öncə keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatları üçün Liviyada yenidən zəmin yarandığı müşahidə olunur: “Xəlifə Haftarın hücumları Aralıq dənizi hövzəsini təhdid edir. Təəssüf ki, Xəlifə Haftarın hücumları qarşısında beynəlxalq ictimaiyyət lazımi reaksiya verməyib”.

R. T. Ərdoğan Türkiyənin Liviyada sülh üçün açar ölkə olduğunu vurğulayıb: “Türkiyə Liviya qanuni hökumətilə qanuni sazişlər imzalayıb. Bu sazişlər Liviyanın Aralıq dənizindəki hüququnu təmin edib, Liviyada atəşkəs üçün zəmin yaradıb. Berlin konfransının Liviyanı sülh və rifaha aparacaq proses olmasını arzu edirik ”.

Türkiyə Prezidenti nəzərə çatdırıb ki, Yunanıstan Berlin konfransına dəvət edilmədiyi üçün narahatdır: “Ona görə də Yunanıstan revanşist mövqe tutdu, Xəlifə Haftarla görüş keçirdi. Liviyada qanuni hökumət Faiz Səracın başçılıq etdiyi Liviya Milli Razılıq hökumətdir. Yunanıstanın Haftarla keçirdiyi görüşlərin heç bir mənası yoxdur. Yunanıstanın oyunları yanlışdır, atdığı addımlar düzgün deyil. Yunanıstan Baş Naziri Türkiyə ilə bağlı da düzgün addımlar atmır”.

R. T. Ərdoğan deyib ki,  Türkiyə tərəfinə hələ Berlin konfransında Liviada sülhün təmin edilməsi ilə bağlı layihə təqdim edilməyib. Türkiyə Prezidenti Berlin konfransı nəticəsiz qalacağı təqdirdə Ankaranın hansı addımlar atacağını isə açıqlamayıb. O, konfransın nəticəsini gözləməyi vacib sayıb.

R. T. Ərdoğan qeyd edib ki, Berlin konfransında Suryanın İdlib bölgəsində atəşkəsin qorunmasının vacibliyini də gündəmə gətirəcək.

Xatırladaq ki, bu gün Berlində Liviya ilə bağlı beynəlxalq sammit keçiriləcək. Artıq Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar və Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac bu sammitdə iştirak edəcəklərini bildiriblər.

Berlində keçiriləcək beynəlxalq konfransa Türkiyə, ABŞ, Çin, Fransa, İngiltərə, İtaliya və digər ölkələrin rəsmiləri də dəvətlidirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu konfransa qatılacaq.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər