Səudiyyə Ərəbistanının hücuma məruz qalan neft emalı zavodlarının bərpasına aylar lazım olacaq

Səudiyyə Ərəbistanının hücuma məruz qalan neft emalı zavodlarının bərpasına aylar lazım olacaq
# 23 sentyabr 2019 11:31 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Krallığının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarının bərpası üçün aylar lazım olacaq.

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” qəzeti Səudiyyə Ərəbistanı rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, son günlər Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət şirkəti ABŞ-ın “General Electric” şirkətindən Abkayk və Xurays bölgələrində yerləşən neft emalı zavodlarının bərpasına gərək olacaq ehtiyat hissələri ilə bağlı danışıqlar aparır və bunun üçün istənilən məbləği ödəməyə hazır olduğunu bəyan edib.

Qəzetin yazdığına əsasən, neft emalı zavodlarının bərpası Səudiyyə Ərəbistanına yüz milyonlarla dollar hesabına başa gələ bilər.

Səudiyyə Ərəbistanın Maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cadaan “Bloomberg”ə müsahibəsində bildirib ki, neft emalı zavodları qarşıdakı 12 ay ərzində bərpa ediləcək.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR