İran körfəz ölkələrinə əməkdaşlıq məqsədilə birlik yaratmağı təklif edib

İran körfəz ölkələrinə əməkdaşlıq məqsədilə birlik yaratmağı təklif edib
# 28 fevral 2018 13:30 (UTC +04:00)

"Regionda təhlükəsizliyin təmin edilməsi üçün qonşu ölkələr və dostlarımızla əcnəbilərin müdaxiləsi olmadan əməkdaşlıq etməyə hazırıq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Bəndər Abbas limanında əhali qarşısında çıxışında bildirib.

“Dünyaya elan edirik ki, öz torpaqlarımızın müdafiəsi üçün nə lazım olsa, öz əllərimizlə hazırlayacağıq və heç kimdən icazə almayacağıq. Bu gün ən həssas bölgələrdən biri olan Fars körfəzindən bütün dünyaya səslənirəm. Biz dünyada sülh və sabitliyin tərəfdarıyıq. Dünya bizə sülh gözü ilə baxdıqca, İran əleyhinə çirkli planlar cızmadıqca, regionda sülh strategiyasının davam etdirilməsini istəyirik”, - deyə o vurğulayıb.

H. Ruhani deyib ki, İran körfəz ölkələrinin yaxşı qonşusu olub və olacaq: “Başqaları sizi aldadır, əcnəbilər və sizi istəməyənlər arxanızda planlar cızır. Onlar sizin maraqlarınızı düşünmür, öz maraqlarını güdürlər. Onlar region ölkələrinə silahları baha satmaq və neftini ucuz almaq niyyətindədir”.

İran prezidenti körfəz ölkələrinə ticarət, turizm, sənaye və energetika sahəsində əməkdaşlıq üçün böyük bir birliyin yaradılmasını təklif edib. O qeyd edib ki, bu, regionun güclənməsinə və sabitliyinə xidmət edə bilər.

H. Ruhani ABŞ-ın nüvə anlaşmasını pozmağa çalışmasına və BMT Təhlükəsizlik Şurasında İran əleyhinə iclaslar təşkil etməsinə toxunub. O bildirib ki, ABŞ ötən aylar ərzində İrana qarşı üç dəfə uğursuz çirkli planlar icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR