Türkiyə HDQ Yunanıstan müdafiə nazirini Kardak qayalıqlarından uzaqlaşdırıb

Türkiyə HDQ Yunanıstan müdafiə nazirini Kardak qayalıqlarından uzaqlaşdırıb
# 28 yanvar 2018 10:47 (UTC +04:00)

Bu gün Türkiyə hərbi dəniz qüvvələri Yunanıstanın müdafiə naziri Panos Kammenosun Egey dənizindəki mübahisəli Kardak qayalıqlarına çələng atmasına icazə verməyib.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

P. Kammenosun olduğu Yunanıstan hərbi dəniz qüvvələrinin hücum kateri xəbərdarlıqdan sonra Kardak qayalıqlarından uzaqlaşıb.

Qeyd edək ki, 1996-cı ilin yanvarında tarixə Kardak böhranı kimi düşən hadisə baş verib. Türkiyənin “Figen Akat” adlı gəmisi 1995-ci il dekabrın 25-də Egey dənizində Kardak qayalıqları yaxınlığında saya oturub. Yunanıstan dəniz qəzasının ona məxsus su sərhədlərində baş verdiyini iddia edib, Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bildirib. Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancıb. Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ordunun müharibəyə hazır olduğunu bildirib və yanvarın 30-da adaya əsgər göndərilməsini istəyib. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçirməklə türk bayrağını sancıb. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldılıb və böhrandan əvvəlki vəziyyət bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR