Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1500 nəfərə çatıb - YENİLƏNİB-3

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1500 nəfərə çatıb - YENİLƏNİB-3
# 23 iyun 2022 07:17 (UTC +04:00)

Əfqanıstanın Paktika və Xost əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı "Taliban" hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən 2000-dən çox insan zərər çəkib.

***

22.06.2022

Saat 17:30

Əfqanıstanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib.

APA-nın xəbərinə görə, bu barədə Paktika vilayətinin informasiya və mədəniyyət departamentinin rəhbəri Məhəmməd Amin Huzayfa CNN-ə bildirib.

Onun sözlərinə görə, təkcə Qayan və Barmal rayonlarında ölənlərin sayı 1000 nəfəri ötüb, ən azı 1500 nəfər isə yaralanıb. Qonşu Xost vilayətində 25, Nanqarhar vilayətində isə 5 nəfər həlak olub.

Rəsmilər axtarış-xilas etmə işlərinin davam etdiyini, insan itkilərinin artacağını bildirilər.

***

13:15

Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb.

APA xəbər verir ki, rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığı bildirilirlər.

Ölənlərin sayının artacağı istisna edilmir.

Zəlzələnin baş verdiyi rayonlarda evlərdə və müxtəlif obyektlərdə ciddi dağıntılar baş verdiyi bildirilir.

***

10:55

Əfqanıstanda baş verən zəlzələ zamanı ölənlərin sayı 280-ə çatıb.

APA Bakhtar News Agency-ə istinadən xəbər verir ki, yaralıların sayı 600-ü keçib.

Xatırladaq ki, Əfqanıstanın şərqində yerləşən Paktika və Host əyalətlərində 6,1 bal gücündə zəlzələ qeyd alınıb.

***

10:00

Əfqanıstanın şərqində yerləşən Paktika və Host əyalətlərində ötən gecə baş vermiş 6 ballıq zəlzələdə ölənlərin sayı 255-ə çatıb.

APA “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, daha 150 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, yeraltı təkanlar nəticəsində bir neçə ev dağılıb. Hazırda meyitlərin dağıntılar altından çıxarılması üçün işlər aparılır.

Bundan əvvəl zəlzələ nəticəsində 50 nəfərin öldüyü, 65 nəfərin xəsarət aldığı açıqlanmışdı.

Yerli “TOLOnews” telekanalı yerli hakimiyyət orqanlarına istinadən fəlakət zonasında axtarış-xilasetmə işlərinin davam etdirildiyi barədə məlumat yayıb.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabillə yanaşı 500 kilometr radiusda yerləşən Hindistan və Pakistan ərazilərində hiss olunub.

"Təəssüf ki, ötən gecə Paktika vilayətinin dörd rayonunda yüzlərlə sakinin həlak olması və yaralanması, onlarla evin dağılması ilə nəticələnən güclü zəlzələ oldu. Biz faciənin miqyasının daha da böyüməməsi üçün bütün yardım agentliklərini təcili şəkildə əraziyə öz komandalarını göndərməyə çağırırıq ”, - deyə hökumətin mətbuat katibi Bilal Karimi “Twitter”də paylaşım edib.

ABŞ Geoloji Müşahidə mərkəzinin məlumatına görə 6,1 bal gücündəki zəlzələ insanların yatdığı ilkin saatlarda baş verib və episentri 51 km dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR