İran Prezidenti ŞƏT-in sammitində iştirak edəcək

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 09 sentyabr 2022 16:40 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə Özbəkistanın xarici işlər naziri Vladimir Nurov arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, H. Əmir-Abdullahian Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə İran Prezidenti İbrahim Rəisinin salamlarını çatdırıb və keçirilməsi planlaşdırılan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin təşkili ilə bağlı uğurlar arzulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti tezliklə Səmərqənd şəhərində keçiriləcək.

H.Əmir-Abdullahian sammitdə İ. Rəisinin iştirak proqramına toxunaraq, İran Prezidentinin Özbəkistana səfərini, İran və Özbəkistan arasında ikitərəfli münasibətlərdə dönüş nöqtəsi adlandırıb.

V. Nurov telefon danışığında İran prezidentinin Səmərqənd Zirvə Toplantısında iştirakından məmnunluğunu ifadə edərək, bu sammitdə 14 müxtəlif dövlət başçısının iştirak edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, Səmərqənd Zirvə Toplantısının gündəliyində duran mühüm məsələlərdən biri İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatının yeni üzvü kimi əhəmiyyəti və imkanları haqqında müzakirələrdir.

Özbəkistanın xarici işlər naziri həmçinin İran Prezidentinin Özbəkistana ikitərəfli səfəri üçün görülən işlər barədə hesabat təqdim edib və bu səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planını iki ölkə arasında əlaqələrin daha da yaxşılaşdırılması üçün əsas hesab edib.

İran və Özbəkistanın xarici işlər nazirləri ümumi maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin və fikir mübadiləsinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

H.Əmir-Abdullahian Səmərqənddə Şanxay Təşkilatının sammitinin uğurla keçirilməsinə kömək etməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR