İsrail ordusuna Qəzzada mümkün hərbi toqquşmalara hazırlaşmaq tapşırılıb

İsrail ordusuna Qəzzada mümkün hərbi toqquşmalara hazırlaşmaq tapşırılıb
# 11 may 2023 16:47 (UTC +04:00)

İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərə Qəzza ətrafında mümkün hərbi toqquşmalara hazırlaşmağı tapşırıb.

APA xəbər verir ki, bu barədə Qalant İsrail Müdafiə Qüvvələrinin (İsrael Defense Forces - İDF) bu gün keçirilən əməliyyat iclasından sonra bəyan edib.

Bildirilib ki, Qəzza zolağında "Fələstin İslami Cihad" Təşkilatına aid olan radikallar İsrailin cənubundakı əraziləri atəşə tutmağa davam edir.

Qeyd olunub ki, nazirlə keçirilən əməliyyat görüşündə İsrail ordusunun Baş Qərargah rəisi və İsrail Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri də iştirak edib.

“Mən müdafiə strukturlarına atəşin intensivliyinin mümkün artımı üçün bütün lazımi addımların atılması, əlavə tədbirlər görülməsi və ordunun döyüşə hazır vəziyyətdə saxlanılması barədə tapşırıqlar verdim”, - deyə müdafiə naziri əlavə edib.

Xatırladaq ki, dünəndən etibarən Qəzza zolağındakı Fələstin qüvvələri tərəfindən İsrail ərazisinə 500-dən çox raket atılıb və onların demək olar ki, üçdə biri İsrailin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.

Buna cavab olaraq isə İsrail ordusu "Fələstin İslami Cihad" Təşkilatının 150 atəş nöqtəsini və hərbi obyektlərini vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR