KİV: Əfqanıstanda “Taliban”a qarşı kütləvi etiraz aksiyaları keçirilib

KİV: Əfqanıstanda “Taliban”a qarşı kütləvi etiraz aksiyaları keçirilib
# 14 yanvar 2022 06:11 (UTC +04:00)

Əfqanıstanın Fəryab vilayətinin inzibati mərkəzi olan Maymen şəhərində “Taliban” rəhbərliyinə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

APA xəbər verir ki, bu barədə yerli “Peshgo” xəbər agentliyi bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Etirazlara səbəb Bəlx vilayətinin Məzari-Şərif şəhərində “Taliban” tərəfindən milliyətcə özbək olan tanınmış səhra komandiri Maxdum Aləmin həbsi olub.

Bununla bağlı Meymen özbək icmasının nümayəndələri küçələrə çıxaraq “Taliban” rəhbərliyindən Aləmin dərhal azad edilməsini tələb etməyə başlayıblar.

Agentliyin məlumatına görə, bu yaxınlarda radikallar tərəfindən təyin edilmiş bir sıra puştun funksionerləri, o cümlədən Faryab qubernatoru, kəşfiyyat rəhbəri və təhlükəsizlik xidmətinin rəisi şəhəri tərk etməyə məcbur olublar.

Nümayişçilər şəhərdə qalan silah və hərbi texnikanı ələ keçiriblər.

Etirazçılar ultimatum verərək qəti şəkildə bildiriblər ki, gün ərzində Aləm azad olunmasa, Faryab “Taliban” hökumətinə tabe olmayacaq.

Bu arada “Taliban” rəhbərliyi bölgədəki vəziyyətin tamamilə onların nəzarətində olduğunu iddia edib.

Ölkənin informasiya və mədəniyyət nazirinin ikinci müavini Bilal Kərimi özünün “Twitter” səhifəsində yazıb ki, hazırda vəziyyət tam nəzarətdədir, bütün ziddiyyətlər aradan qaldırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR