Şri-Lankada istefası tələb olunan Baş nazir prezident seçilib

Ranil Vikremesinqe

© APA | Ranil Vikremesinqe

# 20 iyul 2022 11:41 (UTC +04:00)

Xalq arasında populyar olmamasına baxmayaraq, Şri-Lanka parlamenti Baş nazir Ranil Vikremesinqeni ölkənin yeni prezidenti seçib.

APA BBC-yə istinadən xəbər verir ki, bu gün parlamentdə keçirilən səsvermədə o, 134 səs toplayıb, Dullus Alahapperuma isə 82 deputat səs verib.

Xatırladaq ki, ölkədə yaranmış ciddi iqtisadi böhran fonunda meydana çıxan etiraz aksiyalarından sonra Şri-Lankanın keçmiş prezidenti Qotabaya Rajapaksa ötən həftə ölkəni tərk edib. Onun istefasını tələb edən minlərlə etirazçı prezident iqamətgahına və digər hökumət binalarına basqın etdikdən sonra o, Maldiv adalarına, daha sonra Sinqapura qaçıb.

Etirazçılar may ayında Baş nazir təyin edilmiş Vikremesinqenin də istefasını tələb etmişdilər. Onlar onun şəxsi evini yandırmış, həmçinin onun rəhbərliyinə qarşı nümayişlərdə Kolomboda baş nazirlik ofisinə basqın edilmişdi.

Aylarla davam edən kütləvi etirazlardan sonra Vikremesinqenin qarşısında ölkəni iqtisadi çöküşdən çıxarmaq və ictimai asayişi bərpa etmək vəzifəsi durur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR