Türkiyədə israilli turistlərin qaçırılması planı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb

Türkiyədə israilli turistlərin qaçırılması planı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb
# 14 iyun 2022 19:19 (UTC +04:00)

Mossad və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə qarşısını aldığı iddia edilən İranın Türkiyədə israilli turistləri qaçırma planının təfərrüatları ortaya çıxıb.

APA "Independent Türkce"yə istinadən xəbər verir ki, bu barədə İsrail mediası – “Channel 13” məlumat yayıb.

Bildirilib ki, İsraildən olan adları məlum olmayan cütlük Türkiyədə bazarda alış-veriş edərkən yüksək rütbəli israilli məmurdan telefon zəngi alıblar.

İsrailli rəsmi cütlüyə iranlı sui-qəsdçilərin hücumuna məruz qala biləcəyi ilə əlaqədar otelə qayıtmamağı deyib.

Telefon danışığından az sonra 10 israilli təhlükəsizlik işçisi bazara gedərək cütlüyü götürüb və birbaşa hava limanına aparıblar.

Cütlüyün harada alış-veriş etdikləri açıqlanmasa da, qadın və ərinin oteldə əşyalarını götürməyə belə fürsət tapmadan təyyarəyə mindirildiyi, İsrailə qayıtdıqdan sonra isə səlahiyyətlilər tərəfindən sorğu-sual edildiyi qeyd olunub.

Sözügedən cütlüyün niyə hədəfə alındığı ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, daha əvvəl İsrail mətbuatında çıxan xəbərdə İranın Türkiyədə yaşayan israilliləri hədəf aldığı, Mossadın verdiyi məlumatla keçən ay hərəkətə keçən MİT-in hücumu dayandırdığı yazılıb.

Xatırladaq ki, İsrail xarici işlər naziri Yair Lapid də ölkə vətəndaşlarına xəbərdarlıq edərək İsrail vətəndaşlarını Türkiyəyə səfəri təxirə salmağa çağırıb. O bildirib ki, İran agentləri israilliləri öldürmək və ya qaçırmaq niyyətindədir. Bunu real təhlükə adlandıran Yair Lapid səbəb kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvünün öldürülməsinə görə, İranın qisas almaq istəyini əsas göstərib və əlavə edib ki, İstanbula səyahət etmək istəyən İsrail vətəndaşlarına qarşı hücum cəhdləri ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR