1944-cü ildə nasistlərin yəhudi ailəsindən müsadirə etdiyi tarixi rəsm İtaliyada tapılıb

1944-cü ildə nasistlərin yəhudi ailəsindən müsadirə etdiyi tarixi rəsm İtaliyada tapılıb
  • Clock-gray 06:09
  • calendar-gray 02 Aprel 2021

İtalyan karabinerləri (milli hərbi polis) alman faşist qüvvələrinin 1944-cü ildə bir yəhudi ailəsindən müsadirə etdiyi, 17-ci əsrə aid və fransız rəssam Nikola Pussenin yaratdığı rəsmi tapıblar.

APA “Agence France-Presse”yə istinadən xəbər verir ki, Mədəni İrsin Mühafizəsi Birliyinin qənaətinə görə, müqəddəs “İncil” kitabındakı “Loth avec ses deux filles lui service à boire” (“Lut ona içki verən iki qızı ilə birlikdə”) süjeti əsasında təsvir olunmuş rəsm onun oğurlanması barədə zərərçəkmiş ailənin varisləri – 98 yaşlı İsveçrə vətəndaşı və 68 yaşlı amerikalı tərəfindən sorğu verildikdən sonra oğurlanmış əsərlər bazasına yerləşdirilib. Onların qohumları II Dünya Müharibəsi zamanı Almaniya işğalı altında olan Fransanın Puatye şəhərində yaşayırdılar. Rəsm əsərinin itməsi 1944-cü ilin fevral-avqust ayları arasında baş verib.

120-150 ​​santimetr ölçülərində yağlı boya ilə çəkilmiş rəsm İtaliyanın Paduya şəhərində bir antikvar satıcısının evində tapılıb.

Ailə rəsm əsərini hələ 1946-cı ildən axtarmağa başlamışdı. Araşdırma zamanı onun 2017-ci ildə İtaliyaya aparıldığı məlum olub. Sonradan rəsm sərgi-yarmarkada nümayiş etdirilməsi üçün müvəqqəti olaraq Belçikaya aparılıb. Lut peyğəmbərin təsvir olunduğu əsər antikvar satıcısında tapılaraq müsadirə edilib və əsl sahiblərinə qaytarılıb.

Sərxan Kamallı

Digər xəbərlər