20-dək ölkə koronavirusun mutasiyasına görə Britaniya ilə nəqliyyat əlaqələrini dayandırıb

20-dək ölkə koronavirusun mutasiyasına görə Britaniya ilə nəqliyyat əlaqələrini dayandırıb
# 21 dekabr 2020 08:20 (UTC +04:00)

Dünyanın 20-dək ölkəsi, eləcə də azı 14 Avropa İttifaqı üzvü olan ölkə koronavirus infeksiyasının yeni mutasiyasının aşkar edilməsindən sonra Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni mutasiya Birləşmiş Krallıqda dekabrın ortalarında müəyyən edilib. Ölkənin Səhiyyə Nazirliyi yeni növ koronavirus mutasiyasının (SARS-CoV-2) əvvəlki formadan daha tez yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Consonun sözlərinə görə, virusun bu ştammı orijinal versiyadan 70% daha çox yoluxucudur.

Britaniya ilə uçuşların dayandırıldığını ilk olaraq Niderland hakimiyyəti elan edib. Bu ölkəyə 1 yanvar tarixinədək Birləşmiş Krallıqdan təyyarə reysi həyata keçirilməyəcək.

Daha sonra Belçika Böyük Britaniya ilə sərhədi azı 24 saatlıq bağlayıb. Bununla əlaqədar olaraq Londonla Brüssel və Londonla Amsterdam arasında dəmir yolu əlaqələri də dayandırılıb.

İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya da Britaniya ilə aviauçuşları dayandırıb.

Fransa Britaniya ilə bütün nəqliyyat əlaqələrini 48 saatlıq müddətə dayandırıb. İsveç bu ölkədən gələnlərə qadağa tətbiq edib, Yunanıstan isə bu ölkədən gələnlər üçün yeddi günlük karantin tətbiq edir, Kipr iki həftəlik karantin tədbirlərinə başlayıb, İspaniya isə Birləşmiş Krallıqdan gələnlərə nəzarəti sərtləşdirib.

Aİ ölkələrindən əlavə, Türkiyə, İsveçrə, Kanada və Argentina rəsmiləri də Böyük Britaniya ilə uçuşları dayandırmağa dair qərar qəbul ediblər. Eyni zamanda, Səudiyyə Ərəbistanı bir həftə müddətinə ölkə sərhədlərini tamamilə bağlayıb və bütün beynəlxalq uçuşları dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR