Aİ Britaniya ilə yeni tərəfdaşlıqla bağlı danışıqlara başlayır

Aİ Britaniya ilə yeni tərəfdaşlıqla bağlı danışıqlara başlayır
# 03 fevral 2020 15:29 (UTC +04:00)

Bu gün Avropa Komissiyası Avropa İttifaqı (Aİ) Şurasına Böyük Britaniya ilə yeni tərəfdaşlıqla bağlı danışıqların başlamasına dair tövsiyə verib.

APA-nın "Euronews"a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnier Brüsseldə keçirilən mətbuat konfransında deyib.

Aİ rəsmisi bildirib ki, tövsiyə Aİ Şurasının mövcud qaydalarına və nəticələrinə, həmçinin Aİ ilə Britaniya arasında 2019-cu ilin oktyabrında razılaşdırılmış Siyasi Bəyannaməyə əsaslanır.

Mişel Barnier əlavə edib ki, bura Avropa İttifaqının Britaniya ilə nəzərdə tutduğu gələcək tərəfdaşlığın həcmi və şərtlərini müəyyənləşdirən direktivləri müzakirə etmək üçün hərtərəfli təklif daxildir. Bu təlimatlar ticarət, iqtisadi əməkdaşlıq, cinayət məsələlərində hüquq-mühafizə və məhkəmə sahəsində əməkdaşlıq, xarici siyasət, təhlükəsizlik və müdafiə məsələlərini əhatə edir.

Mişel Barnier qeyd edib ki, danışıqlarda əsas təmsilçi olan Avropa Komissiyası Aİ-nin digər qurumları Aİ Şurası və Parlamentlə sıx əməkdaşlıq şəraitində danışıqları aparacaq.

"Vicdanla danışıqlar aparacağıq. Komissiya Avropa Parlamenti və Şura ilə çox sıx şəkildə işləməyə davam edəcək. Vəzifəmiz Böyük Britaniyanın seçimlərinə hörmətlə yanaşıb, ortaq həll yolu taparaq vətəndaşlarımızın və öz maraqlarımızın qorunmasıdır", - deyə Mişel Barnier bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə deyib ki, artıq hərəkətə keçmək vaxtıdır: "Zaman azdır. Ədalətli və şəffaf bir şəkildə danışıqlar aparacağıq, ancaq Aİ-nin maraqlarını və vətəndaşlarımızın maraqlarını sona qədər qoruyacağıq".

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-də rəsmi olaraq Avropa İttifaqını tərk edib. Lakin Böyük Britaniya və Aİ arasında razılaşdırılan "Aİ-dən çıxma sazişi"nə əsasən tərəflər 2020-ci ilin sonuna qədər keçid dövrü haqqında razılığa gəliblər. Bu müddət ərzində Böyük Britaniya Aİ-nin Gömrük İttifaqında və Vahid Bazarda iştirakını davam etdirəcək və artıq bloka üzv ölkə olmasa da Aİ-nin qanunlarını tətbiq edəcək. Həmçinin bu müddət ərzində Britaniya Aİ-nin imzalamış olduğu beynəlxalq razılaşmalara da tərəf olaraq qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR