Albaniyada zəlzələdə ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-5

Albaniyada zəlzələdə ölənlərin sayı 27 nəfərə çatıb - YENİLƏNİB-5
# 27 noyabr 2019 12:50 (UTC +04:00)

Albaniyada zəlzələdə ölənlərin sayı artıb.

APA-nın “Koha Jone” qəzetinə istinadən verdiyi xəbərə görə, zəlzələdə ölənlərin sayı 27 nəfərə çatıb, 650-dən çox insan xəsarət alıb.

Albaniyanın Baş Naziri Edi Rama bildirib ki, bu gün Tirana və Durres şəhərlərində fövqəladə vəziyyət elan ediləcək.

***

saat 23:34

Albaniya paytaxtı yaxınlığında baş vermiş 6,4 maqnitudalı dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Albanian Daily News” nəşri ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Çərşənbə axşamı günü güclü zəlzələ nəticəsində 20 nəfərin öldüyünü Müdafiə Nazirliyi təsdiqləyib. Bununla yanaşı, dağıntıların altından 42 nəfər xilas edilib, Durres və Tuman şəhərlərində xilasetmə əməliyyatı davam edir”, - deyə məlumatda qeyd olunur.

İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Serbiya, Çernoqoriya və Kosovodan olan xilasedicilər də xilasetmə işlərinə cəlb olunub.

Yerli KİV-in məlumatına görə, yeraltı təkanların çoxu Tiranada, həmçinin zəlzələnin episentrinə ən yaxın olan Durres şəhərində hiss edilib. Bir neçə bina çöküb, dağıntılar altında hələ də insanların qaldığı ehtimal edilir.

Xatırladaq ki, Çərşənbə axşamı günü Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların bildirdiyinə görə, 5 baldan yüksək olan ard-arda bir sıra təkanlar qeydə alınıb. Ölkə prezidenti İlir Meta Tirananın mərkəzi xəstəxanasında yaralıları ziyarət edib və vəziyyəti dramatik adlandırıb. Son məlumatlara görə, hələ onlarla insan itkin düşmüş hesab olunur.

***

Saat 17:48

Albaniyada zəlzələdə ölənlərin sayı artıb.

APA-nın “Exit” portalına istinadən verdiyi xəbərə görə, zəlzələdə ölənlərin sayı 16-ya çatıb.

Dağıntılar altında qalmış 41 nəfər xilas edilib.

***

Saat 15:46

Albaniyada baş verən zəlzələdə 13 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti" yerli kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb.

***

Saat 12:54

Albaniyada baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

APA-nın Albaniyanın “Koha Jone” qəzetinə istinadən verdiyi xəbərə görə, ən son məlumatlara əsasən, zəlzələdə 7 nəfər ölüb, 325 nəfər xəsarət alıb.

Yaralılar Tirana və Duressdə yerləşən xəstəxanalara çatdırılıblar.

Tirana, Durres və Leja şəhərlərinin təhsil müəssisələrində dərslər təxirə salınıb.

***

Saat 10:43

Albaniyada baş verən zəlzələdə 3 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

APA-nın xəbərinə görə, “Exit” xəbər portalı Durres şəhərinin yaxınlığında yerləşən bir neçə binanın dağıldığını yazır. Təkanlar paytaxt Tiranada da hiss olunub.

İtaliyanın “Sky TG24” telekanalı isə zəlzələnin İtaliyanın bir neçə cənub əyalətində də hiss edildiyini xəbər verir. Telekanalının məlumatına görə, Albaniyada xeyli insan dağıntılar altında qalıb.

Zəlzələ bu gün səhər saatlarında Albaniyanın Şicak şəhərinin 10 km şimal-qərbində, 10 km dərinlikdə baş verib. Zəlzələ maqnitudası 6.4 olub.

***

Saat 09:43

Albaniyada 6,4 bal gücündə zəlzələ olub.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, zəlzələnin episentri Albaniyanın paytaxtı Tirananın yaxınlığında yerləşir.

Artıq yüzlərlə şəxs xəstəxanaya müraciət edib, dağıntılar var. İnsan itkisi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR