Avropa İttifaqı ABŞ-ın yeni administrasiyasına çağırış edib

Avropa İttifaqı ABŞ-ın yeni administrasiyasına çağırış edib
# 20 yanvar 2021 13:58 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ABŞ-ın yeni administrasiyasına çağırış edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında bildirib.

"ABŞ demokratiyanın və qanunun aliliyinin müdafiəsində ən yaxın müttəfiqimiz olub. Amerika demokratiyası möhkəm olub və bütün dünyadakı azadlıq müdafiəçiləri üçün nümunə rolunu oynayıb.

Buna görə də ABŞ-da Kapitoli binasında baş verən hadisələr bizi bu qədər sarsıtdı. Ancaq şiddətin qaranlığı heç vaxt demokratiyanın işığını söndürməyəcək. Qanun, qayda və demokratiya seçimi ləğv etmək üçün edilən bu rüsvayçı cəhdə qalib gəldi. Amerika demokratiyası gücünü və dayanıqlığını sübut etdi. Bu gün Co Bayden, ABŞ-ın 46-cı prezidenti olaraq and içir. Ümid edirəm ki, bu gün dinc şəkildə hakimiyyətin keçid günü olacaq. İki əsrdən bəri olduğu kimi Amerika demokratiyası üçün də əla bir gündür.
Bu gün sadəcə hakimiyyətin keçidi deyil. Bu gün son dörd ildə çox zərər görmüş transatlantik münasibətlərimizi yenidən canlandırmaq üçün bir fürsətdir", - deyə Şarl Mişel vurğulayıb.

O bildirib ki, bu illər ərzində dünya daha mürəkkəb, daha az sabit və daha az proqnozlaşdırılan şəkildə inkişaf edib: "Bu, hər zamankındən daha çox, biz avropalılardan taleyimizi öz üzərimizə götürməyi tələb edir: Maraqlarımızı müdafiə etmək və dəyərlərimizi təbliğ etmək. Dünyadakı həqiqi çəkimizə uyğun olaraq qlobal səhnədə sabitləşdirici və konstruktiv rol oynayan bir Avropa. Daha güclü, daha ədalətli və yaşıl bir dünyaya töhfə vermək üçün daha güclü bir Avropa. Müdafiə və sülhü və təhlükəsizliyi qorumaq üçün daha güclü bir Avropa. Bunu etmək üçün isə güclü və etibarlı tərəfdaşlara ehtiyacımız var",- deyə o bildirib.

Aİ Şurasının prezidenti deyib ki, bütün bu səbəblərdən Avropa İttifaqı Şurası ABŞ-la ortaqlığının dünyanın ən qabaqcıl və ən yaxın əlaqəsi kimi strateji əhəmiyyətini bir daha təsdiqləyir: "Biz dəyərləri, ortaq maraqları, mədəni və tarixi əlaqələri və geopolitik reallığı paylaşırıq".

O deyib ki, ABŞ və Aİ sülh, təhlükəsizlik, firavanlıq, azadlıq, insan hüquqları və gender bərabərliyi ilə bağlı qaydalara əsaslanmış beynəlxalq nizam üçün birlikdə çalışmalıdır.

"Beləliklə, səlahiyyət müddətinin ilk günü ABŞ-ın yeni prezidentinə təntənəli bir təkliflə müraciət edirəm: gəlin, yeni təsis müqaviləsi quraq. Daha güclü bir Avropa üçün. Daha güclü Amerika üçün. Daha yaxşı bir dünya üçün".

Aİ Şurasının prezidenti beş prioritet üzərində işləməyi vacib sayıb: "Birincisi, çoxtərəfli əməkdaşlığı genişləndirmək. İkincisi, COVID-19 ilə mübarizə. Üçüncüsü, iqlim dəyişikliyi ilə mübarizə. Dördüncüsü, iqtisadiyyatımızı bərpa etmək, ədalətli ticarəti təmin etmək və rəqəmsal transformasiyanı təşviq etmək. Beşincisi, təhlükəsizlik və sülh üçün qüvvələri birləşdirmək. Bu asan olmayacaq, ancaq birlikdə problemi həll edəcəyik".

Onun sözlərinə görə, Aİ və ABŞ arasında fərqlər var və bu fərqlər sehrli şəkildə yox olmayacaq: "Amerika dəyişib. Avropada və dünyanın qalan hissəsində onun necə qəbul edildiyi də dəyişib. Eynilə ABŞ-ın Avropa İttifaqına baxış tərzi də dəyişməlidir. Aİ özü öz yolunu seçir və qərarlarını vermək üçün icazə gözləmir. Yenə də, bizi birləşdirən şey, bizi böləndən daha böyükdür", - Aİ lideri vurğulayıb.

O qeyd edib ki, Birləşmiş Ştatlarda yanvarın 6-da baş verənlər Aİ və ABŞ-ın ortaq bir problemi paylaşdığını göstərib: "Demokratiyanı və qanunun aliliyini qorumaq. 6 yanvar hamımız üçün bir dərs oldu. Bu, bizi oyandırmaq üçün zəng idi. Demokratik dəyərlərə əsaslanan bizim köklü ölkələrimizdə belə, demokratiya və qanunun aliliyini xəfifə alırıq. Demokratiyanı qorumaq daim sayıqlıq və həm də cəmiyyətlərimizin birliyini təmin etmək üçün davamlı çalışmağı tələb edir. Bu Amerikada belədir, Avropada da belədir".

Şarl Mişel deyib ki, yeni Avropa İttifaqı-ABŞ gündəliyi iddialıdır: "Buna görə də, səlahiyyət müddətinin ilk günü Prezident Baydeni Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının fövqəladə iclasında iştirak etmək üçün Avropaya səfərə dəvət edirəm. Bu, NATO zirvəsinə paralel olaraq keçirilə bilər.


Öz tərəfimizdən biz güclü bir Avropa, güclü bir ABŞ və daha yaxşı bir dünya üçün yeni bir təsis müqaviləsi üçün ABŞ-la birlikdə çalışmağa, bu istiqamətdə səfərbər olmağa hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR