Avropa Şurasının baş katibi Belarusdakı vəziyyətlə bağlı narahatlığını bildirib

Avropa Şurasının baş katibi Belarusdakı vəziyyətlə bağlı narahatlığını bildirib
# 14 avqust 2020 16:48 (UTC +04:00)

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Belarusdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

“Belarusdakı vəziyyət davamlı narahatlıq doğurur. Belarus Avropa Şurasının üzvü olmasa da, bir neçə sahədə əməkdaşlıq etmişik və Belarus bir sıra konvensiyalarımızın iştirakçısıdır. Buna görə də mən Belarus hakimiyyətini sərbəst toplaşma və ifadə azadlığına təminat verməyə, dinc nümayişçiləri həbs etməkdən və etirazçılara qarşı hər cür pis rəftardan çəkinməyə çağırıram. Belarus hökuməti vətəndaş cəmiyyəti ilə dialoq qurmalıdır və buna gecikmədən başlamaq lazımdır. Avropa Şurası və onun ekspert qurumları lazımi islahat prosesini dəstəkləmək üçün Belarusla əməkdaşlıq etməyə hazırdır", deyə baş katib bildirib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyini elan edib.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq 5 gündür davam edir. 7 000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir.
Seçkidə A. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR