Azərbaycan xilasediciləri itkin düşmüş gürcü balıqçıların axtarışında iştirak edir - YENİLƏNİB - VİDEO

 Azərbaycan xilasediciləri itkin düşmüş gürcü balıqçıların axtarışında iştirak edir - YENİLƏNİB - VİDEO
# 03 dekabr 2019 12:56 (UTC +04:00)

Dekabrın 2-də Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün əraziyə baxış keçirilməsi barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.

Fövqəladə Hallar nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı gölün Azərbaycan Respublikası (Ağstafa rayonu) ərazisinə düşən hissəsində axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

***

Saat 09:50

Gürcüstan-Azərbaycan sərhədində yerləşən Candargöldə itkin düşmüş iki balıqçının axtarışı gecə boyunca davam edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətindən məlumat verilib. Bildirilib ki, çətin meteoroloji şəraitə və görmə qabiliyyətinin məhdud olmasına baxmayaraq, qurumun xilasediciləri, həmçinin sərhəd polisi və itkin düşmüş şəxslərin qohumları gecə boyunca axtarışları davam etdiriblər.

Gürcüstan Fövqəladə Hallar İdarəsinin rəisi Temur Mgebrişvili, onun müavini Levan Varsiashvili hadisə yerinə gedərək, axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olublar.

Azərbaycan xilasediciləri də itkin düşmüş gürcü balıqçıların axtarışında iştirak edirlər. Gürcüstanın İctimai Kanalının məlumatına görə, hadisə yerinə xilasedicilər və dalğıclar cəlb edilib. Ərazinin axtarılmasında dronlardan da istifadə edilir.

Gürcüstan Fövqəladə Halların İdarəsi Xidmətindən verilən məlumata görə, hər iki ölkənin xilasediciləri mümkün olan bütün resurslardan istifadə etməklə koordinasiyalı fəaliyyət göstərir.

İtkin düşən şəxslərdən birinin 21, digərinin isə 27 yaşı var.

Qeyd edək ki, ötən gün Azərbaycanın Ağstafa və Gürcüstanın Qardabani rayonlarının ərazisində yerləşən Candargöldə külək içində üç balıqçının olduğu qayığı aşırıb. Balıqçılardan yalnız biri sahilə çıxa bilib və dərhal Gürcüstan Fövqəladə Hallar İdarəsinin qaynar xəttinə zəng edərək yardım istəyib. Axtarış-xilasetmə işlərinə biri Azərbaycandan olmaqla 2 helikopter cəlb edilib.

Axtarış-xilasetmə işlərinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin Kvemo Kartli Baş şöbəsinin 10 nəfərlik xilasediciləri və 5 nəfərlik təcili yardım qrupu cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR