"BioNTech" şirkətinin türk sahibi: "Türkiyəyə 30 milyon doza COVID vaksini göndərmək planlaşdırılıb"

"BioNTech" şirkətinin türk sahibi: "Türkiyəyə 30 milyon doza COVID vaksini göndərmək planlaşdırılıb"
# 27 dekabr 2020 00:45 (UTC +04:00)

Türkiyə yeni növ koronavirusa (COVID-19) qarşı Çinlə yanaşı, Almaniyanın “BioNTech” şirkətinin ortaqlığı ilə istehsal olunan peyvəndi də idxal edəcək.

APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Almaniya vətəndaşı olan türk əsilli həkim, akademik, immunoloq, onkoloq Uğur Şahinin də iştirakı ilə COVID-19-a qarşı hazırlanan peyvəndin Türkiyəyə ixrac ediləcəyilə bağlı xəbərdən alim məmnun olduğunu bildirib.

U.Şahin deyib ki, ana vətəni olan Türkiyəyə bu ilin sonuna qədər 550 min dozada peyvənd göndəriləcək. “BioNTech” şirkətinin qurucusu olan U.Şahin Türkiyədə bu peyvənd vurulan insanların peyvəndə qarşı reaksiyasının və bu vaksinlərin düzgün saxlanılma şəraitinin nəzarətdə saxlanılacağını, nəticəyə uyğun hərəkət ediləcəyini bildirib: “Çatdırılmada bəlkə bir neçə gün gecikmə ola bilər. Mart ayının sonuna qədər 4,5 milyon peyvənd dozası Türkiyəyə göndərməyi planlaşdırdıq”.

İmmunoloq bildirib ki, bu peyvəndlər indiyədək 1,5 milyon insana vurulub, uğurlu nəticələr əldə olunub, lakin yan təsir müşahidə edilən insanlarda müvəqqəti baş ağrısı, qol ağrısı, bir az yorğunluq və hərarət yüksəlməsi hallarına rast gəlinib, bu hallar bir-iki gün içində keçib gedib: “Ən ağır yan təsir allergiyadır ki, bu da 50 mindən bir insanda təsadüf edilib”.

U.Şahin Türkiyə Səhiyyə Nazirliyinin tələbatı daxilində 30 milyon doza və daha artıq vaksinin bu ölkəyə göndərilməsinin mümkün olduğunu da qeyd edib.

Onkoloq U.Şahin “BioNTech” şirkətinin Türkiyədə ofisini açmaq və tibb sahəsində türkiyəli alimlərlə birgə tədqiqatlar aparmaq niyyətinin olduğunu da deyib: “Türkiyədə bir neçə universitetdə professorlarla əməkdaşlığa başladıq. Doğma vətənimdə xərçəng xəstəliklərinə qarşı da kliniki tədqiqatlar aparmağı düşünürük. İlk vaxtlar bir-iki layihəmiz uğurlu olarsa, biz bu tibb layihələrini Türkiyədə artıracağıq”.

Alim kasıb ölkələrə də COVID-19-a qarşı peyvənd yaymaq niyyətlərinin olduğunu deyib.

Qeyd edək ki, türk professorlar Uğur Şahin və onun xanımı Özlem Türeci tərəfindən qurulan Almaniyanın “BioNTech” şirkəti COVID-19-a qarşı “BNT162b2” peyvəndi hazırlayıblar. “BioNTech” şirkəti ABŞ-ın “Pfizer” şirkətilə birgə gələn ilin sonuna qədər 1,3 milyard peyvənd dozası hazırlamağı hədəfləyib.

Onu da bildirək ki, dəyəri 20 milyard avro olan “BioNTech” dərman şirkətinin sahibi U.Şahin Almaniyanın ən zəngin 100 insanı arasında yer almaqdadır, 5,4 milyard dollarlıq şəxsi sərvəti ilə isə dünya zənginləri arasında 456-cı yerdədir və dünyanın ən zəngin türkü hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR