Donald Tusk səlahiyyətlərini təhvil verib

Donald Tusk səlahiyyətlərini təhvil verib
# 29 noyabr 2019 16:21 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk səlahiyyətlərini yeni prezident, Belçikanın sabiq Baş Naziri Şarl Mişelə təhvil verib.

APA-nın xəbərinə görə, bununla bağlı Aİ Şurasının Brüsseldəki yeni binasında rəsmi mərasim keçirilib.

Mərasimdə Donald Tusk vida nitqi ilə çıxış edib. O, komandasına təşəkkür edib.

"Mən çox qürur duyuram ki, son 5 ildə Avropaya xidmət etmək şərəfinə sahib oldum. Mücərrəd bir fikrə deyil, insanlara, millətlərə və onların ümumi maraqlarına xidmət etmək! Öz tarixini və mədəniyyətini bilən bir cəmiyyətin yaşadığı, azadlıq və qanunun aliliyinin hökm sürdüyü qitə olaraq qaldığı müddətdə Avropa planetdəki ən yaxşı yerdir. Mən əminəm ki, siz öz bacarıqlarınızı ittifaqımızı qorumaq üçün istifadə edəcəksiniz. Mən bu gün Aİ Şurasını tərk edirəm, lakin əsas olan odur ki, əziz Şarl, mən sizinlə olacağam", - deyə D. Tusk bildirib.

Aİ Şurasının yeni prezidenti Şarl Mişel Donald Tuska təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, Donald Tusk noyabrın 20-də Avropa Parlamentində güclü partiyalardan biri olan Avropa Xalq Partiyasının prezidenti seçilib.

Xatırladaq ki, Aİ Şurasının yeni prezidenti Şarl Mişel dekabrın 1-dən rəsmi fəaliyyətə başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR