G7 ölkələrinin XİN başçıları Krımın ilhaqının ildönümü ilə bağlı bəyanat yayıb

G7 ölkələrinin XİN başçıları Krımın ilhaqının ildönümü ilə bağlı bəyanat yayıb
  • Clock-gray 13:52
  • calendar-gray 18 Mart 2021

G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) xarici işlər nazirləri Krımın Rusiya tərəfindən ilhaqının 7-ci ildönümü ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, XİN başçıları və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi məsələsində vahid mövqedə olduqlarını bəyan ediblər.

“Bu gün Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin Rusiya tərəfindən qanunsuz ilhaqının yeddinci ilində Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi və sadiqliyimizi bir daha təsdiqləyirik”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Nizamnaməsində istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə bağlı fundamental prinsiplər əks olunub və bu sənədlər ölkənin sərhədlərini dəyişmək üçün gücün istifadəsini qadağan edir: “Ukraynanın ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Rusiya açıq şəkildə beynəlxalq hüququ və bu təsdiqləmiş prinsipləri pozub. Biz Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiya tərəfindən müvəqqəti işğalını birmənalı şəkildə pisləyirik. Biz Rusiyanın bu əməlini legitimləşdirmək cəhdlərini tanımır və tanımayacağıq. Rusiyanın, xüsusilə Krım tatarlarına qarşı, insan haqlarını pozmasını qınayırıq. Rusiyanı beynəlxalq öhdəliklərinə hörmət etməyə, beynəlxalq monitorinq qruplarının yarımadaya girişinə icazə verməsinə və haqsız yerə həbs olunanların hamısını dərhal azad etməyə çağırırıq”.

Qeyd olunub ki, G7 ölkələri Beynəlxalq Krım Platformasının yaradılması ilə bağlı Ukraynanın təşəbbüsünü dəstəkləyir: “Biz Rusiyanın Ukraynadakı sabitliyi pozmağa davam etməsinə, Minsk razılaşmaları çərçivəsində verdiyi öhdəliklərə məhəl qoymadan bu ölkənin Ukraynanın Donetsk və Luqansk regionundakı müəyyən bölgələrdə hərəkətlərinə qətiyyətlə qarşı çıxırıq. Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi sülhə aparan yoldur. Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəfdir, vasitəçi deyil.

Təmas xəttində Rusiyanın dəstəklədiyi silahlı birləşmələrin yaratdığı son hərbi gərginlikdən təəssüflənirik. Rusiya Federasiyasını Ukraynanın şərqində dəstəklədiyi silahlı birləşmələrə maliyyə və hərbi dəstək verməklə yanaşı, yüz minlərlə Ukrayna vətəndaşına Rusiya vətəndaşlığı verərək münaqişəni alovlandırmağa son qoymağa çağırırıq”.

Bəyanatda o da qeyd olunub ki, Fransa və Almaniya Normandiya formatı çərçivəsində münaqişənin həlli üçün səylər göstərir və bu təqdirəlayiqdir.

“G7 sanksiyaların tətbiqinə tam sadiq qalır və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək. Krım Ukraynadır!”, - deyə bəyanatda vurğulanıb.

Zümrüd Paşkin

Digər xəbərlər