Gürcüstan hökuməti Anaklia dəniz limanının inşası ilə bağlı razılaşmanı ləğv edir

Gürcüstan hökuməti Anaklia dəniz limanının inşası ilə bağlı razılaşmanı ləğv edir
  • Clock-gray 11:33
  • calendar-gray 09 Yanvar 2020

Gürcüstan hökuməti Anaklia İnkişaf Konsorsiumu ilə sərmayə razılaşmasının ləğv edilməsi istiqamətində qanuni prosedurlara başlayır.

APA-nın yerli bürosu xəbər verir ki, məsələ Gürcüstan hökumətinin bugünkü iclasında müzakirə olunub və qərar bir neçə dəqiqə əvvəl elan edilib.

Razılaşmanın ləğv edilməsinin səbəbi kimi konsorsiumun müqavilənin şərtlərindən irəli gələn ortamüddətli öhdəliklərinin yerinə yetirə bilməməsi göstərilir.

Qeyd edək ki, konsorsium sərmayə müqaviləsinin şərtlərinə uyğun olaraq, ötən ilin oktyabrın 15-də ortamüddətli öhdəliklərin yerinə yetirildiyini göstərən sənədi hökumətə təqdim etməli olsa da, buna müvəffəq olmayıb. Bununla belə, hökumət Anaklia dərin dəniz limanına böyük ictimai marağı nəzərə aldığını bildirərək, razılaşmaya düzəliş edib və müqavilədə göstərilən son tarixi ilin sonunadək uzatmağa qərar verib.

Anaklia dərin dəniz limanının inşasının birinci mərhələsinin həyata keçirilməsi üçün hökumətin konsorsiuma maliyyə mənbələri axtarışı məqsədi ilə verdiyi son tarix 2017-ci ilin avqustundan bəri bir neçə dəfə təxirə salınıb. Müqaviləyə edilən sonuncu düzəlişin sayca 12-ci olduğu bildirilib.

Hökumətlə imzalanan sərmayə müqaviləsinin şərtlərinə görə Anaklia İnkişaf Konsorsiumu investorlarla müqavilə imzalayaraq 120 mln. ABŞ dolları həcmində fərdi kapital toplamalı, beynəlxalq banklarla 400 mln. dollarlıq kredit müqaviləsi imzalamalı və 20 mln. dollar həcmində bank sığortası təqdim etməlidir.

Konsorsiumun banklarla olan öhdəliklərini yerinə yetirə bilmədiyi qeyd edilib.

Səid Babazadə

Digər xəbərlər