Gürcüstan infeksion xəstəliklər xəstəxanasının direktoru Ermənistan Səhiyyə nazirindən üzr istəməsini tələb edib

Gürcüstan infeksion xəstəliklər xəstəxanasının direktoru Ermənistan Səhiyyə nazirindən üzr istəməsini tələb edib
# 23 may 2020 15:49 (UTC +04:00)

Gürcüstanın İnfeksion Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya xəstəxanasının direktoru Tengiz Tsersvadze Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın üzr istəməsini tələb edib.

APA-nın yerli bürosu xəbər verir ki, T.Tsersvadze erməni nazirin Gürcüstanda aparılan koronavirus testlərinin keyfiyyətinin şübhəli olması ilə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəməli olduğunu deyib. Bildirib ki, erməni nazir ya səsləndirdiyi fikirləri rəsmi statistik məlumatlarla sübut etməli, ya da Gürcüstandan üzr istəməlidir:

“Biz düşünmürük ki, Arsen Torosyan bizə bu sahədə nəsə öyrədə bilər. Yüksək vəzifəli dövlət məmuru heç bir arqument olmadan bu cür bəyanat verməməlidir. Gürcüstanda COVİD-19 xəstələri ən yüksək beynəlxalq standartlar əsasında müəyyən edilir və qeydiyyata alınırlar. İstifadə etdiyimiz testlərin keyfiyyətinə bu vaxtadək heç bir beynəlxalq təşkilat və ya ekspert tərəfindən şübhə edilməyib. Biz düşünürük ki, nazir ya fikirlərini dəstəkləyən arqumentləri göstərməli, ya da üzr istəməlidir. Ümumi mənzərəyə baxsaq, mayın 22-də Ermənistanda 6302 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 77 nəfər vəfat edib”,- deyə T. Tsersvadze bildirib.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin Direktoru Amiran Qamkrelidze də bildirib ki, o, A.Torosyanı şəxsən tanıyır və belə bir bəyanat verməsini təəccüblə qarşılayıb.

Qeyd edək ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını, aparılan testlərin sürətli testlər olduğunu və keyfiyyətinin şübhəli olduğunu deyib. İddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, xüsusilə də yük maşını sürücülərində “COVID-19” virusuna çox sayda yoluxma halları müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR