Gürcüstan parlamentinin sədri postuna namizəd məlum olub

Gürcüstan parlamentinin sədri postuna namizəd məlum olub
  • Clock-gray 12:45
  • calendar-gray 11 Dekabr 2020

Gürcüstanın 10-cu çağırış parlamenti etiraz aksiyası və müxalifətin boykotu fonunda öz işinə başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin ilk iclasının getdiyi bir vaxtda parlament binasının girişlərində etirazçılar toplanaraq “utanc dəhlizləri” yaradıb.

Əraziyə çox sayda hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

10-cu çağırış parlamentin ilk sessiyasında spiker və vitse-spikerlərin, eləcə də komitə sədrlərinin müəyyənləşdirilməsi məqsədi ilə səsvermə keçirilməsi planlaşdırılır.

150 parlament yerindən 90 yerə sahib olan hakim “Gürcü Arzusu” partiyası spiker vəzifəsinə sabiq spiker Arçil Talakvadzenin, vitse-spiker vəzifəsinə isə Gia Volski və Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kaxaber Kuçavanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, yerli qanunvericiliyə əsasən yeni seçilmiş parlament öz işinə başladıqdan sonra hökumət istefa verir və növbəti Baş nazir müəyyən edilənədək öz fəaliyyətini davam etdirir.

Xatırladaq ki, oktyabrın 31-də keçirilmiş parlament seçkiləri nəticəsində parlamentə daxil olmaq hüququ qazanmış 8 müxalif partiya seçkilərin ikinci raundunda iştirakdan və mandatından imtina etdiyini açıqlayıb. Müxalif partiyalar seçkilərdə ümumilikdə 60 yer qazanıb.

Səid Babazadə

Digər xəbərlər