Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib - FOTO

Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib - FOTO
# 07 mart 2021 11:30 (UTC +04:00)

İkinci Qarabağ müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun xatirəsi Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində əbədiləşdirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Arıxlı kənd sakinlərinin təşəbbüsü ilə şəhidin xatirəsinə yeni artezian quyusu qazılıb və 1.5 km. uzunluğunda su xətti çəkilərək təxminən 100 ailə içməli su ilə təmin edilib.

Şəhidin abidəsinin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin 1-ci katibi Anar Rəsulov, həmçinin Hərbi Attaşelik Aparatının zabitləri iştirak edib.

Qeyd edək ki, şəhid Bilal Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb. O, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Bilal Qənbərov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. O, Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Bilal Qənbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə,

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bilal Qənbərovun bir qızı yadigar qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR