Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək

Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək
  • Clock-gray 14:46
  • calendar-gray 26 Noyabr 2020

Noyabrın 28-dən Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi kimi böyük şəhərlərində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesi onlayn rejimə keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq sözügedən şəhərlərdə məktəblər və peşə təhsil müəssisələri, tibbi təhsil verən ali məktəblər istisna olmaqla bütün universitetlər distant rejimə keçəcəklər.

Özəl və dövlət uşaq bağçalarının fəaliyyəti isə tam dayandırılacaq.

Qərara əsasən böyük şəhərlərdə açıq və qapalı məkanlarda bütün sərgilər ləğv olunacaq, həmçinin bələdiyyəyə məxsus ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılacaq. Aptek, baytarlıq, qida və təmizlik məhsulları satılan obyektlər istisna olmaqla bütün ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılacaq və onların fəaliyyətinə yalnız çatdırma xidməti şəklində icazə veriləcək. Eyni məhdudiyyətlərin Gürcüstanın qış kurort zonaları hesab edilən Bakuriani, Qudauri, Qoderdzi və Mestiada da tətbiq ediləcəyi bildirilib.

Məhdudiyyətlərin yeni il bayramı günləri istisna olmaqla yanvarın 31-dək qüvvədə olacağı bildirilib.

Səid Babazadə

Digər xəbərlər