İranın nüvə proqramı ilə bağlı narazılığı aradan qaldırmaq üçün verilən vaxt uzadılıb

İranın nüvə proqramı ilə bağlı narazılığı aradan qaldırmaq üçün verilən vaxt uzadılıb
# 24 yanvar 2020 16:44 (UTC +04:00)

İranın nüvə proqramı ilə bağlı narazılığı aradan qaldırmaq üçün verilən vaxtın müddəti uzadılıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel bəyanat yayıb.

“Yanvarın 14-də mən Fransa, Almaniya və Böyük Britaniya Xarici İşlər nazirlərindən Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İranın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Mübahisələrin Həlli Mexanizmi çərçivəsində mübahisənin Birgə Komissiyaya göndərilməsi ilə bağlı məktub aldım. Bundan sonra geniş ikitərəfli və kollektiv məsləhətləşmələr aparmışam. Bu məsləhətləşmələr zamanı bütün saziş tərəfləri hər kəsin marağında olan razılaşmanı qorumaq əzmlərini bir daha təsdiq ediblər. Fikir ayrılıqlarına baxmayaraq məsələnin mürəkkəbliyini nəzərə alan tərəflər mübahisənin həlli üçün daha çox vaxtın tələb olunduğu barədə razılığa gəliblər. Buna görə də qrafik uzadılır. Saziş tərəfləri olan ölkələr nüvə tətbiqi ilə bağlı narahatlıqlarını, eləcə də ABŞ-ın sazişdən geri çəkilməsi və sanksiyaların tətbiqi məsələsini ekspert səviyyəsində müzakirə etmək barədə razılığa gəliblər. Birgə Komissiya mütəmadi olaraq bu istiqamətdə inkişafı nəzərdən keçirəcək. Növbəti görüş fevral ayında baş tutacaq”, - C. Borelin bəyanatında qeyd olunub.

Xatırladaq ki, yanvarın 14-də İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar narahatlığını ifadə edən Almaniya, Fransa, Böyük Britaniya XİN başçıları bəyanat yayaraq bildiriblər ki, sazişin 36-ci bəndinə uyğun olaraq Mübahisələrin Həlli Mexanizmi çərçivəsində məsələ Birgə Komissiyaya göndərilir. Fikir ayrılıqlarını həll etmək üçün İrana 15 gün vaxt verilmişdi ki, bu müddət də konsensus yolu ilə uzadıla bilər.

Bu proses BMT-nin əvvəlki qətnamələrində əks olunan sanksiyaların yenidən tətbiq olunmasına gətirib çıxara bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR