İspaniyada son sutkada baş verən iğtişaşlarda 34 nəfər saxlanılıb

İspaniyada son sutkada baş verən iğtişaşlarda 34 nəfər saxlanılıb
  • Clock-gray 05:30
  • calendar-gray 21 Fevral 2021

İspaniyada terrorçuluğu təbliğ etməkdə və taxt-tacı təhqir etməkdə günahlandırılaraq həbs olunmuş reper Pablo Aselin sərbəst buraxılmasını tələb edən radikal solçuların iştirak etdiyi iğtişaşlarda saxlanılanların sayı 30-u keçib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın hüquq-mühafizə orqanı olan “Mossos d’Escuadra” özünün “Twitter” səhifəsində məlumat yerləşdirib.

“Şənbə günü ictimai iğtişaşlar və qarət əməlləri ilə əlaqədar 34 nəfər saxlanılıb: onlardan biri Lerida, ikisi Tarraqona, 31 nəfəri isə Barselonada tutulub”, - katalon polisinin məlumatında belə ​​deyilir.

Ən kritik vəziyyət Barselonada müşahidə olunub, burada radikallar şəhərin mərkəzində qarşıdurmalar yaradıb, barrikadalar qurub, dükanların şüşələrini sındıraraq qarət törədib, polisə daş və müxtəlif əşyalar atıblar. İğtişaşlar zamanı Musiqi Sarayı və Fond Birjasının binalarına da ziyan dəyib. Radikallar yollarda park edilmiş motosiklləri və mopedləri yandırıblar.

Leridada etirazçılar polisə daş atıblar. Tarraqonada isə bir qrup radikal məhkəmə binasının və bankın şüşələrini sındıraraq polisə şüşə atıb.

Kataloniyanın təcili tibbi yardım xidmətinin məlumatına görə, Barselona, ​​Lerida, Tarraqona və Kubelyesdə 13 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib, birinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Bundan başqa, Pamplona şəhərində polislə qarşıdurma olub.

Madriddəki Kalyao meydanında gücləndirilmiş polis patrulları sayəsində etiraz aksiyası sakit bitib.

Ümumilikdə, şənbə günü iyirmidən çox şəhərdə P.Aselin müdafiəsi məqsədilə aksiyalar keçirilib.

apa-logo-mini

Digər xəbərlər