Merkel rusiyalı diplomatların Almaniyadan qovulmasının səbəbini açıqlayıb

Merkel rusiyalı diplomatların Almaniyadan qovulmasının səbəbini açıqlayıb
# 04 dekabr 2019 19:41 (UTC +04:00)

Rusiyalı diplomatlar Almaniyadan Moskvanın Berlində Gürcüstan vətəndaşlarının öldürülməsi ilə bağlı cinayətin istintaqına köməklik göstərməməsi fonunda qovulub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün NATO sammitində iştirak edən Almaniyanın Baş Naziri Angela Merkel bildirib.

A. Merkel Almaniya-Rusiya münasibətlərində yaranmış vəziyyəti müttəfiq ölkələrlə müzakirə etdiklərini də söyləyib. Eyni zamanda, iki rusiyalı diplomatın qovulması məsələsinə dekabrın 9-da Parisdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı toxunulacağın da istisna etməyib. Bununla belə, A. Merkel bu olayın “Normand formatı” çərçivəsində görüşə neqativ təsir göstərəcəyini düşünmür:

““Normand formatı” Ukrayna barədədir və Minsk prosesinin necə irəli aparılacağı məsələsinə həsr olunur”.

Qeyd edək ki, bu gün Almaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Almaniyadakı səfirliyinin iki əməkdaşının ölkədən çıxarıldığını açıqlayıb və bunu Rusiya hakimiyyətinin Berlində Gürcüstan vətəndaşlarının ölümü ilə bağlı istintaqla əməkdaşlıq etməməsi ilə əlaqələndirib. İstintaqı aparan Almaniya Baş Prokurorluğu bəyan edib ki, Tornike K.-nin Rusiya dövlət qurumlarının, yaxud Rusiyanın bir hissəsi olan Çeçen Respublikasının dövlət qurumlarının sifarişi ilə qətlə yetirilməsinə dair yetərincə əsaslar var.

Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bunu əsassız şübhə kimi qiymətləndirib.

Xatırladaq ki, 40 yaşlı Gürcüstan vətəndaşı bu il avqustun 23-də Berlində öldürülüb. Həmin gün prokurorluq Berlində şübhəli şəxsin saxlanıldığını açıqlayıb. Qətldə şübhəli bilinən şəxs 49 yaşlı Rusiya vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR