Polşa ABŞ “F-35”-lərini Rusiya sərhədi yaxınlığında yerləşdirmək fikrindən daşınıb

Polşa ABŞ “F-35”-lərini Rusiya sərhədi yaxınlığında yerləşdirmək fikrindən daşınıb
# 29 iyul 2020 03:10 (UTC +04:00)

Polşanın Milli Müdafiə Nazirliyi ABŞ-ın beşinci nəsil “F-35A” qırıcı-bombardmançılarını Rusiya və Belarus yaxınlığında yerləşdirməkdən imtina edib.

APA yerli “defence24” nəşrinə istinadən xəbər verir ki, rəsmi Varşava son model qırıcıların Rusiya və Belarus sərhədləri yaxınlığında yerləşdirilməsinin, ilk növbədə Polşa Hərbi Hava Qüvvələri üçün təhlükəli olduğundan ehtiyat edir.

Qeyd edək ki, Polşa ilkin mərhələdə “F-35A”-ların Rusiyanın Kalininqrad vilayətindən 80 km və Belarusun Minsk-Mazovetski, Brest əyalətindən 160 km məsafədə olan Malborkda yerləşdirilməsini planlaşdırsa da, sonda bu fikirdən daşınıb.

Nəşrin bildirdiyinə görə, Polşa hərbçiləri belə bir məsafədə “F-35A” qırıcılarının yerləşdiriləcəyi məkanın ruslar üçün məlumat mənbəyinə çevrilə biləcəyindən ehtiyat edirlər.

Polşalıların fikrincə, qarşı tərəf "görünməz təyyarə"lərin radar və infraqırmızı siqnallarını öyrənməyə başlamaq fürsətini əldən verməyəcək. Buna görə də sözügedən qırıcıların daha etibarlı ərazidə yerləşdirilməsi nəzərə alınıb .

Varşava “F-35A”-ları ölkənin şimal-qərbində - Almaniya ilə sərhədi yaxınlığındakı Svidvin bölgəsində yerləşdirməyi daha münasib hesab edir.

Xatırladaq ki, ABŞ-ın 32 ədəd “F-35A” modelinin Polşaya 4,6 milyard dollara satılması 2019-cu ilin avqustunda təsdiqlənmişdi.

İlk “F-35A” qırıcıları 2026-cı ildə Polşa ordusunun arsenalına daxil olmalıdır. Bir təyyarənin qiyməti 87 milyon dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR