Ukrayna və Rusiya prezidentləri Donbasda atəşkəsi müzakirə edib

Ukrayna və Rusiya prezidentləri Donbasda atəşkəsi müzakirə edib
# 26 iyul 2020 20:00 (UTC +04:00)

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Donbasda iyulun 27-dən başlayacaq atəşkəslə bağlı razılaşmanın reallaşdırılması ilə əlaqədar müzakirə aparıb.

APA-nın “ukrinform.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Prezidentinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Rusiya Prezidenti razılaşmanı dəstəklədiyini bildirib. Prezidentlər Donbasda atəşkəs rejiminin dəstəklənməsi üçün təcili əlavə tədbirlərin reallaşdırılması barədə razılığa gəliblər. Eyni zamanda dövlət başçıları ərazilərin minalardan təmizlənməsi, silahlı qüvvələrin və vasitələrin geri çəkilməsi, təmas xəttində yeni buraxılış məntəqələrinin açılması, ATƏT missiyasının, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin təmin edilməsi barədə müzakirə aparıblar.

V. Zelenski telefon danışığı zamanı 3 yaşlı oğlunun faciəli ölümü ilə əlaqədar Krım tatarı Ruslana Suleymanovanın Rusiya tərəfindən azad edilməsi məsələsini qaldırıb. Eyni zamanda Donbas və Krımda, o cümlədən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının azad edilməsini vacib sayıb.

Tərəflər Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerli idarəetmə ilə bağlı qanun barədə də fikirlərini bölüşüblər.

Qeyd edək ki, üçtərəfli kontakt qrupu iyulun 22-də videokonfrans formatında keçirilən iclasda iyulun 27-dən Donbasda atəşin dayandırılması barədə razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR