Ukraynanın Baş Naziri istefasının səbəblərini açıqlayıb - YENİLƏNİB

Ukraynanın Baş Naziri istefasının səbəblərini açıqlayıb - YENİLƏNİB
# 17 yanvar 2020 12:31 (UTC +04:00)

Aleksey Qonçaruk istefa ərizəsi yazmağının səbəblərini açıqlayıb.

APA-nın xəbərinə görə, o, özünün “Facebook” səhifəsində bildirib ki, son dörd ay ərzində Prezident və komandası çox çalışıb, müxtəlif cəbhələrdə uğurlar əldə olunub.

“Gələn həftə vətəndaşların işlərini asanlaşdıracaq ilk dövlət onlayn xidməti fəaliyyətə başlayacaq, fevralın 1-dən etibarən sahibkarlar üçün əlverişli kredit proqramı təqdim olunacaq. Tibbi Sığorta proqramı qəbul etmişik və aprelin 1-dən etibarən dövlət müəyyən xəstəliklərin müalicə xərclərini tam şəkildə ödəyəcək. 500-dən çox müəssisənin özəlləşdirilməsinə başlanacaq və bu, dövlət büdcəsinə əlavə 12 milyard qrivna gətirəcək. Əsas problem nəhayət dövlət sektorundakı korrupsiyanı aradan qaldırmaqdır. Komandamız layiqli insanlardan ibarətdir. Hökumətin ən üst səviyyəsində korrupsiya yoxdur. Təəssüf ki, bir neçə ay ərzində on illər ərzində qurulmuş cinayət sxemlərini məhv etmək olduqca çətindir. Son günlər hamınız hökumətdəki iclas qeydlərinin fraqmentlərindən yığılmış səs yazısı ətrafında baş verən hadisələrin şahidi oldunuz. Onların məzmunu sünidir. Səs yazısından belə başa düşülür ki, guya mən və komandam liderimiz olan Prezidentə hörmət etmirik. Maliyyə axınlarına çıxış əldə etmək istəyən bir çox təsir qrupları bundan faydalanmaq istəyir. Ancaq bu, doğru deyil. Mən Prezidentin proqramını yerinə yetirmək üçün gəldim. O, mənim üçün açıqlıq və dürüstlük nümunəsidir. Prezidentə olan hörmət və güvənimi şübhə altına almamaq üçün istefa ərizəsi yazdım”, - deyə o, qeyd edib.

Qeyd edək ki, dekabrın 16-da A. Qonçaruk Milli Bankdan olan yüksək vəzifəli şəxslər və bir neçə nazirlə qeyri-rəsmi görüş keçirib. Hökumətin saytı rəsmi şəxslərin son valyuta dəyişikliyini müzakirə etmək üçün toplandığını yazıb. Bir müddət sonra bu iclasla bağlı səs yazısı yayılıb. Səs yazısında A. Qonçarukun “Prezident Zelenski iqtisadiyyat haqqında çox primitiv anlayışa sahibdir” ifadəsi eşidilir. A. Qonçaruk və iclasın digər iştirakçıları səs yazısının həqiqiliyini nə təsdiq, nə də inkar ediblər.

***

saat 11:43

Ukraynanın Baş Naziri Aleksey Qonçaruk istefa ərizəsi yazıb.

APA-nın xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində bildirib.

O qeyd edib ki, Ali Radada baxılması üçün istefa ərizəsini Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim edib.

Xatırladaq ki, A. Qonçaruk ötən ilin avqust ayında Ukraynanın Baş Naziri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR