Əli Xamenei: "Nüvə və digər kütləvi qırğın silahlarını haram bilirik"

Əli Xamenei: "Nüvə və digər kütləvi qırğın silahlarını haram bilirik"
  • Clock-gray 05:08
  • calendar-gray 30 May 2019

“Bu il beynəlxalq Qüds günü digər illərlə müqayisədə daha önəmlidir. Çünki  ABŞ və onun əlaltıları  “Yüz ilin anlaşması” planını icra etməyə çalışmaqla dünyada Fələstin məsələsini unutdurmağa çalışırlar və əlbəttə məğlub olacaqlar”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün İran universitetlərinin elmi heyət üzvləri, müəllimlər və tələbələri ilə görüşü zamanı çıxışında deyib: “Fələstini müdafiə etmək İslama xas bir məsələ deyil.  Bəlkə vicdan və humanitar bir məsələdir. Əlbəttə, müsəlmanlar üçün şəriət və dini baxımdan önəmlidir”.

Xamenei əcnəbi KİV-in ABŞ-la müzakirə mövzusunu şişirtməsindən danışıb və bildirib ki, onlar "İran müzakirə masasına oturmalıdır" dedikdə, ABŞ-la müzakirəni nəzərdə tuturlar: “Bizim digər ölkələrlə heç bir problemimiz yoxdur. Avropa ölkələri və başqaları ilə müzakirələr edirik. Əsas məsələ də müzakirə predmetini müəyyənləşdirməkdir. Bİz hər mövzu haqqında müzakirə etmirik. İran İnqilabı üçün əsas namus məsələsi olan mövzular, o cümlədən ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz”.

O bildirib ki, bu məsələlər haqda müzakirə iki kəlmədə cəmlənib: "Onlar deyirlər, biz bunu istəyirik, biz də deyirik yox”.

Sözügedən mövzu ətrafında İran İslam Respublikasının ABŞ-la heç vaxt müzakirə aparmayacağını deyən Ayətullah Xamenei bunun səbəbini də açıqlayıb: "Öncədən də demişdim, ABŞ-la müzakirə etməməyin səbəbi budur: Birincisi, heç bir faydası yoxdur, ikincisi,  ziyanlıdır”. 

“ABŞ-ın öz məqsədlərinə çatmaq üçün bir strategiyası, bir də taktikası var. Onların strategiyası qarşı tərəfi yormaq məqsədilə “təzyiq” etməkdir. Sonra isə “müzakirə”dən təzyiqi təkmilləşdirmək və öz məqsədlərinə çatmaq üçün isitfadə etməkdir” - deyən Ayətullah sözünə davam edib: “Bu, əslində müzakirə deyil. Bəlkə təzyiqlərin “məhsul”unu toplamaq üçün bir vasitədir. Əgər ABŞ-ın taktikasının qarşısında təzyiq vasitələrindən düzgün istifadə edilərsə, onların təzyiqləri ya azalacaq, ya da durdurulacaq. Əgər ABŞ-ın “müzakirəyə dəvətinə” aldanıb, onların təzyiqləri qarşısında təzyiq vasitələrindən istifadə olunmazsa, sürüşmək və uduzmaq qətidir”.

İran İslam Respublikasının ABŞ-ın təzyiqləri qarşısında lazimi təzyiq vasitələrinə sahib olduğunu açıqlayan Ali Rəhbər bildirib ki, bu vasitələr onların təbliğ etdiklərinin əksi olaraq hərbi vasitələr deyil: "Əlbəttə, bir zaman lazım gələrsə, həmin vasitələr də mövcuddur. İslam Respublikasının təzyiq vasitələrindən nümunə kimi ölkənin Milli Təhlükəsizlik Ali Şurasının nüvə prorqramına dair bəzi öhdəliklərin azaldılması bəyanatını göstərmək olar. Milli Təhlükəsizlik Ali Şurasının son qərarı doğru idi. Çünki əgər təzyiq vasitəsindən vaxtında istifadə olunmazsa, qarşı tərəf zərər və ziyan görməyəcəyini düşünərək mövzunu tələsmədən davam etdirəcək. Təzyiq vasitəsindən doğru istifadə olunarsa, düşünəcək ki, nəsə addım atsın”.

Ayətullah Xamenei deyib ki, nüvə sahəsində yüksək elmi gücə sahib olmalarına baxmayaraq, heç vaxt nüvə silahı ardınca getməyiblər: “Fiqhi, dini və şəriət baxımından kütləvi qırğın silahlarını - nüvə və ya kimyəvi silahlar olsun - haram bilirik. Biz kütləvi silahların istehsalına qarşıyıq, lakin uranın zənginləşdirilməsinə ehtiyacımız var. Çünki ölkənin gələcəyi buna möhtacdır. Bu gün gücümüzü artırmasaq, 10 ildən sonra sıfırdan başlamalıyıq”. 

İran lideri çıxışının sonunda sevindirici hal kimi vurğulayıb ki, bu gün  ölkənin bütün məsul şəxsləri ABŞ-la müzakirə etməməkdə  eyni düşüncədədirlər: “ABŞ-la müzakirə heç bir vəchlə tövsiyə olunmur. ABŞ-ın öncəki hökuməti indiki hökumətlə  hərəkətlərində fərqli olsa da, mahiyyətdə heç bir fərqi yoxdur. Zahiri fərqli idi, daxili isə eyni. İslam Respubliaksı ABŞ-ın müzakirə sahəsindəki taktikalarına aldanmayacaq. Hələlik Milli Təhlükəsizlik Ali Şurasının son qərarını təzyiq vasitəsi kimi istifadə etmişik, lakin bununla da işi bitmiş hesab etməyəcəyik. Sonrakı mərhələdə,  lazım gələrsə, digər təzyiq vasitələrimizdən istifadə edəcəyik”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date