Fransa, Almaniya, Böyük Britaniya və Aİ İranla bağlı birgə bəyanat yayıblar

Fransa, Almaniya, Böyük Britaniya və Aİ İranla bağlı birgə bəyanat yayıblar
# 09 iyul 2019 18:03 (UTC +04:00)

Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlə nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsi İranla bağlı birgə bəyanat yayıblar.

APA-nın Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda tərəflər İranın Hərtərəfli Birgə Əhatəli Fəaliyyət Planı (HBƏFP) ilə uzlaşmayan bəzi fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də təsdiqləyib ki, İran uranı HBƏFP-da qeyd olunandan artıq zənginləşdirməyə başlayıb. İranın Hərtərəfli Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəliklərini yerinə yetirməməsi bizi dərindən narahat edir. İran bəyan edib ki, Hərtərəfli Birgə Əhatəli Fəaliyyət Planı daxilində qalmaq istəyir. Bu səbəbdən də o, bu uyğunsuz fəaliyyətini dayandıraraq HBƏFP-ə qayıtmalıdır”, - bəyanatda qeyd edilib.

Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirləri həmçinin birgə komissiyanın dərhal görüşməli olduğunu bildiriblər. Onlar İranın nüvə fəaliyyətinə dair davam edən gərginliyin azaldılması üçün bütün tərəfləri məsuliyyətli davranmağa səsləyiblər.

Qeyd edək ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 gün ərzində yerinə yetirməyəcəyini bəyan edib. İran bu gün sabahdan başlayaraq uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başlayacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR