Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişini qəbul etməyib

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişini qəbul etməyib
# 14 noyabr 2019 13:43 (UTC +04:00)

2020-ci ildə Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişi parlamentin səsverməsindən keçə bilməyib.

APA-nın yerli bürosu xəbər verir ki, parlament çoxluğu olan "Gürcü arzusu" partiyasının təqdim etdiyi düzəliş ilk oxunuşda kifayət qədər səs toplaya bilməyib. Mövcud qanunvericiliyə görə, konstitusiya düzəlişinin qəbul edilməsi üçün parlamentin 150 üzvündən 113-nün razılığı tələb edilir. Səsvermədə cəmi 101 deputat düzəlişin lehinə səs verib.

Qeyd edək ki, Gürcüstan parlamentində sıfır baryerli proporsional qaydada seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinin müzakirəsinə noyabrın 12-də başlanılıb. Cari sessiya həftəsinin gündəliyində dəyişiklərlə bağlı iki layihə olub. Bunlardan biri hakim “Gürcü arzusu” partiyası, digəri isə müxalifət partiyaları tərəfindən hazırlanıb. Məsələ ötən gün səsverməyə çıxarılsa da, müzakirələrin yekunlaşmaması səbəbindən bu günə təxirə salınıb.

2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkilərinin keçirilməsi Tbilisidə bu ilin 20-21 iyun tarixlərində başlayan və bir aydan çox davam edən mitinqlərin əsas tələblərindən olub. Məsələ ilə əlaqədar konstitusiya dəyişiklikləri cari ilin sentyabr ayında ictimai müzakirəyə çıxarılıb. Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin rəhbərlik etdiyi Təşkilat Komissiyası 13 sentyabrdan 30 sentyabradək ölkə daxilində ümumilikdə 11 açıq iclas keçirib.

Arçil Talakvadze bildirib ki, Gürcüstanda 2020-ci il parlament seçkiləri 3% baryerlə keçiriləcək. Onun sözlərinə görə, proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişi parlamentdə keçirilən səsvermədə kifayət qədər səs toplaya bilməyib və nəticədə seçki baryerinin aradan qaldırılması mümkün olmayıb: "Bir çox millət vəkilləri və müxalifət üzvləri tərəfindən dəstəklənsək də, bu, kifayət etmədi. Proporsional seçki sisteminə keçidlə bağlı qərar parlament tərəfindən qəbul edilmədi, yəni 2020-ci il seçkiləri 3 % baryerlə keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR