Gürcüstanda nümayişçilər parlament binasına daxil olmağa cəhd ediblər 

Gürcüstanda nümayişçilər parlament binasına daxil olmağa cəhd ediblər 
# 21 iyun 2019 00:36 (UTC +04:00)

Tbilisidə nümayişçilər polis səddini yarıb parlament binasına daxil olmağa cəhd edirlər.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, polislə nümayiş iştirakçıları arasında toqquşmalar baş verir.

Əraziyə Daxili İşlər Nazirliyinin şəxsi heyəti və texnikası cəlb edilib. Artıq aksiyada iştirak üçün bölgələrdən də gələnlər olub. Nümayişçilər polisi və ölkədəki diplomatik korpusun nümayəndələrini onlarla birgə olmağa çağırıblar. Mitinq iştirakçıları parlament sədri İrakli Kobaxidzenin bu gecə 00:00-dək istefa verməsini, əks təqdirdə parlament binasına daxil olacaqlarını bəyan ediblər.

Qeyd edək ki, mitinqdə parlamentin spikeri ilə yanaşı, Daxili İşlər Naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizliyi xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefasını tələb edilir.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək toplantıya sədrlik etməsi etirazlara səbəb olub. O, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.
S.Qavrilovun artıq ölkəni tərk etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR