Gürcüstanda təqaüd islahatlarında iştirak edən müəllimlərin sayı açıqlanıb

Gürcüstanda təqaüd islahatlarında iştirak edən müəllimlərin sayı açıqlanıb
# 14 noyabr 2019 10:57 (UTC +04:00)

“Gürcüstan hökumətinin təhsil sahəsində həyata keçirdiyi təqaüd islahatlarında 6450 müəllim iştirak edib”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib. Nazir deyib ki, islahatların birinci mərhələsi uğurlu alınıb və artıq maliyyələşmənin ikinci mərhələnin icrasına başlamağın vaxtıdır.

“Layihənin ikinci mərhələsi 2019-cu ilin sonunda başa çatacaq. Bu, şübhəsiz, təhsil sistemində gənc müəllimlərin meydana çıxmasına, hörmətli müəllimlərimizin təqaüdə çıxmasına kömək edəcək. Bu layihə yaxın illərdə də davam edəcək”, – deyə G. Qaxaria bildirib.

Qeyd edək ki, layihə təqaüd yaşına çatan məktəb müəllimləri öz istəkləri əsasında birdəfəlik pul mükafatı alaraq təqaüdə çıxmasını nəzərdə tutur. Bu mükafat onların son maaşlarının 24 misli, yəni növbəti iki il ərzində alacaqları maaşın toplamı məbləğində müəyyən edilib. Bundan başqa, layihə əsasında təqaüdə çıxacaq müəllimlərin tibbi sığortalarının da bütün həyatları boyu qüvvədə saxlanılacağı bildirilib. Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin avqust ayına olan məlumatına görə, ölkədə 64 329 müəllim çalışır. Hazırda 16406 müəllim təqaüd yaşındadır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR