İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədlər arasında teledebat keçirilib

İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədlər arasında teledebat keçirilib
# 17 iyun 2019 01:16 (UTC +04:00)

Bu gün Türkiyədə İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədlər Əkrəm İmamoğlu ilə Binəli Yıldırım arasında teledebat keçirilib.

APA-nın xəbərinə görə, debat konkret bir kanalda yayınlanmayıb. Ortaq yayım olub, istəyən televiziya kanalı proqramı yayımlaya bilib.

Moderator, FOX TV-nin aparıcısı İsmayıl Küçükkaya hər iki namizədə bir-birinə yaxın suallar və 3 dəqiqəlik cavab haqqı verib. Namizədlər martın 31-də keçirilmiş seçkinin nəticələri, ləğvi, təkrar seçki kampaniyası, gələcək planları barədə sualları cavablandırıblar.

Qeyd edək ki, debat 3 saat davam edib.


Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 24 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib. YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələri ləğv edilib. İmamoğlunun mandatı geri alınıb və təkrar seçkinin iyunun 23-də keçirilməsinə qərar verilib. YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikasyətini isə təmin etməyib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə CHP-nin namizədləri qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR