NATO orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsinin pozulmasına görə Rusiyanı ittiham edib

NATO orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsinin pozulmasına görə Rusiyanı ittiham edib
  • Clock-gray 14:44
  • calendar-gray 02 Avqust 2019

Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilənin pozulmasına görə Rusiya məsuliyyət daşıyır. 

APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, bu, ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması ilə əlaqədar NATO-nun yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, bu qərar NATO-nun müttəfiqləri tərəfindən dəstəklənir.

“Təəssüf edirik ki, Rusiya beynəlxalq öhdəliklərinə riayət etmək üçün istək göstərmədi və bu istiqamətdə gözlə görülə biləcək hər hansı addım atmadı. ABŞ-ın tam əməl etdiyi, Rusiyanın isə əməl etmədiyi bir razılaşma davamlı ola bilməz. NATO Rusiyanın 9M729 raketinin müttəfiqlərin təhlükəsizliyinə qarşı yönələn risklərinə məsuliyyətlə cavab verəcək. NATO-nun dayanıqlılığını, müdafiə vəziyyətinin etibarlı və təsirli olmasını təmin etmək üçün balanslı, razılaşdırılmış müdafiə tədbirləri paketini razılaşdırmışıq”, - NATO-nun bəyanatında qeyd olunub. 

Bəyanatda o da bildirilib ki, baş verənlərə baxmayaraq, NATO Rusiya ilə konstruktiv münasibətlər qurmağa davam edəcək. 

Qeyd edək ki, orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. 

2014-cü ildə ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib. 

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib. 

Ötən ay Rusiya orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxıb. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı federal qanunu imzalayıb. 

Bu gün isə ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi başa çatır. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date