Ərdoğan: “Təqaüddə olan 104 admiralın gecə yarısı yaydığı bəyanat bədxah təşəbbüsdür”

Ərdoğan: “Təqaüddə olan 104 admiralın gecə yarısı yaydığı bəyanat bədxah təşəbbüsdür”
# 05 aprel 2021 20:10 (UTC +04:00)

“Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 104 admiralının gecə yarısı yaydığı bəyanat əsla qəbul edilə bilməz, bu, söz azadlığı deyil, tamamilə bədxah bir təşəbbüsdür”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Türkiyə Prezidenti ölkədəki bütün siyasi partiyaları sözügedən bəyanata mövqe bildirmək üçün birliyə dəvət edib.

15 iyul 2016-cı ildə dövlət çevrilişini xatırladan R.T.Ərdoğan deyib ki, yayılan bəyanat da xüsusi şəkildə diqqətə alınıb müvafiq tədbirlər görüləcək: “Hər zamankı kimi biz xalqımıza arxalandıq, yol xəritəmizi millətimizlə paylaşmaq üçün bir araya gəldik, onlara hədlərini yenə birlikdə göstərəcəyik”.

R.T.Ərdoğan yayılmış bu bəyanatın “Montrö sazişi” və İstanbul kanalı layihəsilə əlaqələndirilməsini yanlış hesab etdiyini deyib.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək hüququ verir. Aralarında Türker Ertürk, Deniz Cora kimi Türkiyə ictimaiyyətində tanınmış keçmiş hərbi dəniz donanması komandirlərinin yer aldığı 104 istefada olan hərbçinin yaydığı bəyanatda “Montrö sazişi”nin pozulması təhlükəsilə əlaqədar etiraz öz əksini tapıb.

Məsələ ilə əlaqədar istefada olan admirallardan 10-u saxlanılıb, 4-nün isə ifadəsi alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR