Son 50 ilin ən güclü daşqınları nəticəsində Venesiyanı su basıb 

Son 50 ilin ən güclü daşqınları nəticəsində Venesiyanı su basıb 
# 14 noyabr 2019 05:28 (UTC +04:00)

İtaliya sahillərində son 50 ilin ən böyük dəniz qabarması nəticəsində Venesiya şəhərinin bəzi hissələrini su basıb.

APA BBC-yə istinadla xəbər verir ki, dəniz qabarmalarını izləyən monitorinq mərkəzinin məlumatına əsasən, dəniz suyunun səviyyəsi 1,87 m-ə çatıb.

Ölçmələrin aparıldığı 1923-cü ildən bəri, su bundan yuxarı həddə - 1,94 m-ə yalnız 1966-cı ildə qalxıb.

Şəhərin ən aşağı hissələrindən biri - Müqəddəs Mark meydanı daşqınların ən ağır təsirinə məruz qalan ərazidir. Müqəddəs Mark kafedral kilsəsini son 1200 ildə altıncı dəfədir ki, su basır.

Venesiya körfəzini Adriatik dənizindən ayıran ensiz ərazi zolağı olan Pellestrina adasında iki nəfər həyatını itirib.

Onlardan birini evində nasosu işə salmağa çalışarkən elektrik cərəyanı vurub, daha bir nəfər isə ölü halda tapılıb.

Qarşıdan gələn günlərdə çətin hava şəraitinin davam edəcəyi bildirilib.

Qeyd edək ki, İtaliyanın şimal-şərq sahilində yerləşən Venesiya şəhərinin ərazisi körfəz daxilindəki 100-dən çox adanı əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR