Tbilisidə tanınmış ictimai-siyasi xadim Süleyman Süleymanovun anım günü keçirilib

Tbilisidə tanınmış ictimai-siyasi xadim Süleyman Süleymanovun anım günü keçirilib
# 26 iyun 2019 16:31 (UTC +04:00)

Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyəti muzeyində Gürcüstanın tanınmış ictimai-siyasi və dövlət xadimi, jurnalist, publisist, tarixçi, tərcüməçi, redaktor, uzun müddət "Gürcüstan" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmiş Süleyman Süleymanovun anım gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın yerli bürosunun verdyi məlumata görə, tədbirdə mərhumun ailə üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, “SOCAR Gas Georgia” şirkətinin direktoru Azər Məmmədov, gürcü və azərbaycanlı jurnalistlər, ziyalılar və ictimai xadimlər iştirak edib.

Qeyd edək ki, Süleyman Süleymanov 1935-ci il mayın 5-də Gürcüstanın Marneuli rayonunun Kürdlər kəndində anadan olub. O, Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili-ədəbiyyatı və tarix fakültəsini bitirib.

O, 1972-ci ildən ömrünün sonunadək “Sovet Gürcüstanı” və onun davamı kimi 1990-cı ildən “Gürcüstan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Qəzet redaksiyasının təşkilatçılığı ilə və S. Süleymanovun da həmmüəllifi olduğu Gürcücə-Azərbaycanca lüğət işıq üzü görüb. Onun təşəbbüsü ilə Gürcüstan tarixi, Gürcüstan coğrafiyası azərbaycancaya tərcümə olunub, müxtəlif sözlüklər, danışıq lüğətləri, bukletlər, məktəblilər üçün vəsaitlər nəşr olunub.

S. Süleymanov 26 iyun 2014-cü ildə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR