Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatının hicablı anaların övladlarının məktəb gəzintilərinə qoşulmasını qadağan edən qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanat yayıb.
APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi xəbərə görə, bəyanatda Fransa Senatının qəbul etdiyi qanun layihəsi pislənilib.
“Bu, Fransanın müsəlmanlara fərqli münasibət göstərən ayrı-seçkilik və marginallaşdırma yanaşmasının yeni nümunəsidir. Bunu Fransada yaşayan türk və müsəlman icmaları, həm də digər ümumbəşəri dəyərlərə inanan ölkələr qəbul edə bilməzlər. Qanun layihəsinin parlament tərəfindən rədd ediləcəyinə ümid edirik”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Fransa Senatı hicablı anaların övladlarının məktəb gəzintilərinə qoşulmasını qadağan edən qanun layihəsinin lehinə 163, əleyhinə isə 114 senator səs verib.
Qanunun qüvvəyə minməsi üçün layihənin Fransa parlamenti tərəfindən təsdiqlənməsi lazımdır. Lakin parlamentdə çoxluq təşkil edən hakim “İrəli, Respublika” hərəkatı qanun layihəsinə qarşıdır. Bunun üçün də sözügedən qanun layihəsinin parlamentdə təsdiqlənmə ehtimalı azdır.