YSK: Əkrəm İmamoğlu 54.21 faiz səslə qalib gəlib

YSK: Əkrəm İmamoğlu 54.21 faiz səslə qalib gəlib
# 24 iyun 2019 11:47 (UTC +04:00)

Türkiyənin Ali Seçki Qurumunun (YSK) sədri Sadi Güvən İstanbulda iyunun 23-də keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri ilə bağlı açıqlama verib.

APA-nın xəbərinə görə, Sadi Güvən İstanbulda 8 925 063 nəfər seçici olduğunu deyərək, dünən seçkidə seçicilərin 84.5 faizinin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, seçki bülletenlərindən 8 746 464-ü etibarlı, 178 599-u etibarsız olub.

Namizədlərdən Əkrəm İmamoğluna 4 741 868 nəfər səs verib. Bu, seçicilərin 54.21 faizi deməkdir.

Binəli Yıldırım isə 3 935 453 səs toplayıb ki, bu da ümumi seçicilərin 44.99 faizidir.

S. Güvən əlavə edib ki, indiyədək 19 910 seçki qutusu sayılıb: “Seçkinin nəticələrinə etiraz müddəti başa çatandan sonra bələdiyyə sədri mandatı haqq edən şəxsə təqdim olunacaq”.

Qeyd edək ki, iyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilər keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR