Türkiyə Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Tuncər Qılınc: “Türkiyə NATO-dan çıxmalıdır”

Türkiyə Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Tuncər Qılınc: “Türkiyə NATO-dan çıxmalıdır”
# 22 yanvar 2009 08:31 (UTC +04:00)
Ankara – APA. Yanvarın 7-də “Ergenekon” əməliyyatının 10-cu dalğası çərçivəsində saxlanılan və 3 gün sonra sərbəst buraxılan Türkiyə Milli Təhlükəsizlik Şurasının sabiq baş katibi Tuncər Qılınc həbsdən çıxdıqdan sonra ilk dəfə olaraq mediaya açıqlama verib. APA-nın məlumatına görə, “Star” televiziyasının xəbər müdiri Uğur Dündarın suallarını cavablandıran T. Qılınc Milli Təhlükəsizlik Şurasının katibi olduğu dövrdə ölkədəki bütün kəşfiyyat qurumlarının fəaliyyətini əlaqələndirdiyini, amma kəşfiyyatdan “Ergenekon” adlı gizli təşkilatın mövcudluğuna dair hər hansı informasiya daxil olmadığını bəyan edib: “Bu məsələyə prokurorluq və məhkəmədə baxılırsa, belə çıxır ki, belə bir şey var imiş, lakin bizim xəbərimiz yox imiş”.
Hazırda Türkiyədə ordunu gözdən salmaq və zəiflətmək üçün kampaniya aparıldığını vurğulayan istefada olan ordu generalı özünün də məhz bu məqsədlə həbs olunduğunu bildirib. Qurulduğundan bu yana türk ordusunun məcburən siyasi proseslərdə iştirak etdiyini söyləyən T. Qılınc ötən illərdə baş verən hərbi çevrilişləri xatırladıb: “Bu çevrilişlər nəticəsində zərər çəkdiyini düşünən təbəqələr hazırda mediada da təmsilçiləri olduğu üçün Türk Silahlı Qüvvələrindən revanş, intiqam almağa başlayıblar”.
T. Qılınc Türkiyənin heç vaxt Avropa Birliyinə qəbul edilməyəcəyini də deyib. Onun sözlərinə görə, AB kürdləri milli azlıq kimi göstərərək onlara müxtəlif hüquqların verilməsini tələb etməklə əslində Türkiyəni parçalamaq istəyir. O, NATO-nun hazırda yalnız ABŞ-ın maraqlarına xidmət etdiyinə diqqət çəkib və Türkiyənin NATO-dan çıxaraq tam müstəqil olmasının zəruriliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR