Cümhuriyyət Xalq Partiyası İstanbul bələdiyyəsinin sədri vəzifəsinə Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürüb

Cümhuriyyət Xalq Partiyası İstanbul bələdiyyəsinin sədri vəzifəsinə Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürüb
# 23 yanvar 2009 08:04 (UTC +04:00)
Ankara – APA. Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyası (CHP) qarşıdakı bələdiyyə seçkilərində ölkənin ən böyük şəhəri olan İstanbulun bələdiyyə sədrliyinə namizədini müəyyənləşdirib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, CHP bu vəzifəyə partiyanın parlament fraksiyasının həmsədrlərindən biri olan Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürməyi qərara alıb. Yanvarın 22-də axşam CHP lideri Dəniz Baykal Biləcik rayonunda olan K. Kılıçdaroğluna telefon açaraq “İstanbuldakı namizədimiz sənsən, təcili geri dön”, deyib.
Xatırladaq ki, K. Kılıçdaroğlu son vaxtlar hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) ayrı-ayrı mənsubları haqqında ifşaedici açıqlamalarla çıxış edib və ölkədə məşhurlaşıb. Məhz onun açıqlamalarından sonra AKP lideri və baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyadakı birinci müavini Dengir Mir Mehmet Fırat və digər müavini Şaban Dişli vəzifələrindən istefa verməyə məcbur olublar.
Martın 29-da keçiriləcək seçkilərdə AKP-nin namizədi, İstanbulun indiki bələdiyyə sədri Qədir Topbaş və CHP-nin namizədi Kamal Kılıçdaroğlu arasında ciddi rəqabətin olacağı gözlənilir. Son illər mühafizəkarların qalasına çevrilmiş İstanbul şəhəri 1994-cü ildən bəri Nəcməddin Ərbakanın “Milli görüş” cərəyanının təmsilçiləri tərəfindən idarə olunur. Həmin il Rəcəb Tayyib Ərdoğan (Rifah Partiyasından), sonra Əli Müfit Gürtuna (Rifahın bağlanmasından sonra yaradılmış Fəzilət Partiyasından), 2004-cü ildə keçirilən son bələdiyyə seçkilərində isə Qədir Topbaş (AKP-dən) bələdiyyə sədri seçiliblər.
K. Kılıçdaroğlu 1948-ci ildə Türkiyənin cənub-şərqindəki Tunceli rayonunda dünyaya gəlib. Ankara İqtisadi və Ticari Elmlər Akademiyasını (indiki Qazi Universitetini) bitirib. Türkiyənin ən böyük dövlət təşkilatlarından olan Sosial Sığortalar Qurumunun sədri vəzifəsində çalışıb. Bir müddət Ankaradakı Hacəttəpə Universitetində müəllimlik etdikdən sonra 2002-ci ildə keçirilən parlament seçkilərində CHP-dən millət vəkili seçilərək siyasi həyata atılıb. 2007-ci ildə İstanbuldan ikinci dəfə millət vəkili seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR