Türkiyə maliyyə nazirinin oğlu “One minute” sözünün patent hüququnu əldə etmək üçün dövlət qurumuna müraciət edib

Türkiyə maliyyə nazirinin oğlu “One minute” sözünün patent hüququnu əldə etmək üçün dövlət qurumuna müraciət edib
# 05 mart 2009 15:11 (UTC +04:00)
Ankara – APA. Türkiyənin maliyyə naziri Kamal Unakıtanın oğlu, iş adamı Abdulla Unakıtan baş nazir Rəcəb Tayyib Ərdoğanın Davosdakı demarşından sonra ölkədə aforizmə çevrilmiş “One minute” (Bir dəqiqə) kəlməsinin patent hüququnu əldə etmək üçün Türkiyə Patent İnstitutuna müraciət edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, A. Unakıtan patenti əldə etdikdən sonra “One minute” sözündən qida sektorunda istifadə etməyi düşündüyünü açıqlayıb. O, atasının və baş nazirin məsələdən xəbərsiz olduğunu söyləyib.

Xatırladaq ki, R. T. Ərdoğan Davosda İsrail prezidenti Şimon Peresin iştirakı ilə Qəzza məsələsinə həsr olunmuş paneldə çıxış üçün əlavə vaxt istəmiş, lakin aparıcı ona bu vaxtı verməyərək toplantının başa çatdığını elan etməyə başlamış, bundan qəzəblənən baş nazir isə onun qolundan tutub “one minute”, “one minute” deyərək son sözlərini söyləmiş və salonu tərik etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR