Ukrayna ilə Rumıniya arasında gərginlik yaranıb

Ukrayna ilə Rumıniya arasında gərginlik yaranıb
# 06 mart 2009 08:15 (UTC +04:00)
Kiyev – APA. Ukrayna-Rumıniya münasibətlərində gərginlik yaranıb. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyi Rumıniyanın ölkədəki diplomatik nümayəndəliklərinin iki məsul əməkdaşını “persona non qrata” (arzuolunmaz şəxs) elan edib. XİN-dəki mənbə bildirib ki, Rumıniyanın Kiyevdəki səfirliyinin hərbi attaşesi Filip Radu və Çernovtsı şəhərindəki Baş Konsulluğunun katibi Yustinian Fokşa Ukraynanın təhlükəsizliyinə qarşı fəaliyyət göstərərək diplomatik və konsulluq münasibətlərinə dair Konvensiyanı pozublar: “Onlar Ukraynanın rumındilli əhalisi arasında separatçı əhval-ruhiyyənin yayılması istiqamətində çalışır, antiukrayna ideyalarını təbliğ edən ictimai təşkilat və mədəniyyət cəmiyyətlərini maliyyələşdirir, ölkəmizin dünya arenasında nüfuzdan salınması məqsədilə informasiyalar toplayırdılar”. Ukrayna XİN-in adının çəkilməsini istəməyən nümayəndəsi deyib ki, Rumıniya Ukraynadakı rumın milli azlığının hüquqlarını təmin etmək məqsədilə Avropa Parlamentinə qətnamə layihəsi təqdim edib, həmçinin Buxarest Ukrayna üçün çox önəmli olan Dunay-Qara dəniz gəmi kanalı layihəsini əngəlləməyə çalışır.
Qeyd edək ki, Ukrayna XİN-in bu sərt addımına səbəb Rumıniyada Ukraynaya casusluqda ittiham edilən iki nəfərin həbsi və Ukrayna səfirliyinin iki əməkdaşının ölkədən qovulmasıdır. Belə martın 4-də Rumıniya Müdafiə Nazirliyinin zabiti Floriçel Akim və onun dostu, bolqarıstanlı Petr Zikulov Ukraynaya casusluq ittihamı ilə həbs ediliblər. Ukrayna səfirliyinin hərbi attaşesi və onun köməkçisi isə “persona non qrata“ elan olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR