Fətullah Gülən Türkiyədə həbs olunan generalların azadlığa buraxılmasına etirazını bildirib

Fətullah Gülən Türkiyədə həbs olunan generalların azadlığa buraxılmasına etirazını bildirib
# 06 mart 2009 13:20 (UTC +04:00)
Ankara – APA. “Türkiyədə məhkəmə qərarı ilə bəraət alsam da, hələlik dönməyi düşünmürəm. Qayıtmağıma hüquqi əngəl olmamasına baxmayaraq, hələ də bəzi məsələlər əleyhimizədir. Hökuməti çətin vəziyyətdə qoymaq istəmirəm. Çünki baş verə biləcək sıxıntıları hökumətin boynuna qoya bilərlər”. APA-nın məlumatına görə, bu sözləri Türkiyənin “Sabah” qəzetinə açıqlamasında nurçuluq cərəyanının lideri, 9 ildir ABŞ-da mühacirət həyatı yaşayan Fətullah Gülən deyib. Terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı proseslərə münasibət bildirən F. Gülən həbs olunan bəzi generalların sonradan xəstəlik səbəb göstərilərək azadlığa buraxılmasından narazılığını ifadə edib: “Bu işin getdikcə qeyri-ciddi hal aldığına dair narahatlıq var. Mən də bu fikirdəyəm. Davamlı olaraq Silivri həbsxanası ilə Gülhanə Hərbi Tibb Akademiyası arasında get-gəl yaşanır. Bu işin içində bir fırıldaq var. Hökumətə qarşı da bəzi haqq-hesab cəhdləri hiss edilir. Bunlar xoş şeylər deyil. Bəzilərinin üzərindəki zireh hələ də yırtılmayıb”.

F. Gülən müntəzəm şəkildə türk ordusuna hücumlar edən “Taraf”, “Vakit” və “Bugün” kimi qəzetləri tərifləməyi də unutmayıb və bu qəzetlərin apardığı kampaniyanı inkişaf kimi qiymətləndirib: “Bundan on il əvvəl belə şeylər ola bilməzdi. Əvvəllər söylənilməyən bəzi məsələlər indi dilə gətirilir”.

F. Gülən baş nazir Rəcəb Tayyib Ərdoğanın Davos demarşına tam dəstək verib: “Baş nazirin çıxışı doğru idi. Olaydan dərhal sonra qarşı tərəfin üzr istəməsi də bunu göstərir. Türkiyədə Yavuz Sultan Səlim kimi qarşılandı. Türkiyə bölgədə önəmli bir ölkədir. Bu bölgə Türkiyəsiz düşünülə bilməz. Çünki hər yerdə bizə Osmanlı dövründən qalma böyük bir etimad və ehtiram var”.

Qeyd edək ki, Türkiyədə dünyəvi (laik) dövlət tərəfdarları “Ergenekon” əməliyyatının planlaşdırılması və həyata keçirilməsində Fətullah Gülən tərəfdarlarının da mühüm rol oynadığını iddia edirlər. Həbsləri həyata keçirən Türkiyə Əmniyyət Müdirliyində (polis təşkilatı) “nurçular”ın mühüm postlar tutduğu və dünyəviliyin əsas dayağı olan ordunu zəiflətmək üçün xüsusi kampaniya apardığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR