Türkiyənin Avropa İttifaqına qəbulu üzrə 2008-ci ildəki irəliləyişlərlə bağlı Qətnaməyə təklif layihəsi üzrə müzakirələr aparılıb

Türkiyənin Avropa İttifaqına qəbulu üzrə 2008-ci ildəki irəliləyişlərlə bağlı Qətnaməyə təklif layihəsi üzrə müzakirələr aparılıb
# 11 mart 2009 20:32 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, sənədi parlamentin xarici işlər komissiyası adından Avropa Xalq Partiyasının təmsilçisi olan hollandiyalı parlamentari xanım Ria Oomen-Ruijten hazırlayıb. Sənəd Türkiyənin Avropa İttifaqına üzvlüyü yolunda Kopenhagen kriteriyalarına hörmətlə yanaşma, ölkədə iqtisadi inkişafın davamlılığı, mehriban qonşuluq siyasəti, Türkiyə-Aİ arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi kimi əsas prinsipləri özündə əks etdirir.
Qətnaməyə təkliflərdə avropalı deputatlar əsasən Türkiyədə milli azlıqlar problemini, ölkədəki milli azlıqlara hörmətlə yanaşılması tələbini gündəmə gətiriblər. Sənəddə həmçinin “Ergenekon” əməliyyatı adı ilə həbs olunanlara cinayət işinin açılması dəstəklənib, bu yöndə işlərin davam etdirilməsi tövsiyə olunub.
Terrorçu PKK-nın Türkiyədə həyata keçirdiyi aksiyalar da pislənilib. Avropa Parlamentinin terrorizmlə mübarizədə Türkiyə ilə həmrəy olduğu bildirilib, PKK qeyd-şərtsiz olaraq terrorçu fəaliyyətə son qoymağa çağırılıb.
Müzakirələrdə çıxış edən avropalı parlamentarilər Türkiyənin 2008-ci ildə Aİ-na üzv olmaq istiqamətindəki addımlarını qənaətbəxş hesab etməyiblər. Bəzi deputatlar Türkiyənin Aİ-na üzv olmağa hələ tam hazır olmadığını bildiriblər. Bu yöndəki əsas problemlər sadalanarkən isə, Kipr problemi, qondarma “erməni soyqırımı” məsələsi, həmçinin Ermənistanla sərhədlərin açılması məsələlərinə toxunulub.
Deputatlar Türkiyənin Kipr adasından hərbi qüvvələrini çəkməyə çağırıblar. Onlar Ermənistanla siyasi və iqtisadi əlaqələrin qurulması üçün də Türkiyəyə çağırışlar ediblər.
Bu gün Qətnaməyə edilən təkliflərlə bağlı son müzakirələr başa çatıb. Sabah isə sənəd səsverməyə çıxarılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR