Rusiya Kosovonun müstəqilliyi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə məruzə təqdim edib

Rusiya Kosovonun müstəqilliyi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə məruzə təqdim edib
# 18 aprel 2009 09:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya Kosovonun müstəqillik elan etməsi ilə bağlı işə dair BMT-nin Beynəlxalq Məhkəməsinə məruzə təqdim edib. APA-nın BMT-nin rəsmi saytına istinadən məlumatına görə, bu iş Baş Assambleyanın sorğusu ilə müzakirə olunur. Rusiyanın təqdim etdiyi məruzədə bildirilir ki, Kosovonun müvəqqəti özünüidarəetmə orqanları tərəfindən müstəqilliyinin birtərəfli elan edilməsi beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən 1999-cu ildə qəbul olunmuş 1244 saylı qətnamənin müddəalarına ziddir.
Xatırladaq ki, 2008-ci il oktyabrın 8-də Baş Assambleya Beynəlxalq Məhkəməyə müraciət edərək Kosovonun müstəqillik elan etməsinin qanuni olub-olmadığı barədə rəy verməsini xahiş edib. Serbiya nümayəndə heyətinin təklif etdiyi bu qətnaməni 77 dövlət dəstəkləyib, 74 ölkə bitərəf qalıb, 6 dövlət əleyhinə səs verib.
Baş Assambleyanın sorğusunu alan Beynəlxalq Məhkəmə BMT-yə üzv bütün dövlətlərə müraciət edib ki, 2009-cu il aprelin 17-nə kimi Kosovonun birtərəfli müstəqillik elan etməsi ilə bağlı öz fikirlərini yazılı formada təqdim etsinlər. Bu il iyulun 17-nə kimi prosesin bütün iştirakçılarının Məhkəməyə hansısa ölkənin məruzəsinə öz kommentarisini göndərmək imkanı var. Həmin tarixdən sonra Məhkəmə şifahi dinləmələrin tarixini müəyyən edəcək.
Beynəlxalq Məhkəmə BMT-nin əsas məhkəmə orqanıdır. Onun səlahiyyətlərinə dövlətlər arasında mübahisələrə baxmaq, Baş Assambleya və Təhlükəsizlik Şurasının sorğusu əsasında istənilən hüquqi məsələ üzrə rəy çıxarmaq daxildir. Məhkəmə 15 hakimdən ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR